CƏMİYYƏT
“Uşaqlar üçün ekoloji laboratoriya”da növbəti təlim ağaclar və fəsillər mövzusuna həsr olunacaq
Bakı, 19 sentyabr, AZƏRTAC
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində sentyabrın 24-də növbəti təlim təşkil olunacaq.
IDEA İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan sentyabr təlimi ağaclar və fəsillər mövzusuna həsr olunacaq. Təlim zamanı uşaqlara ilin fəsilləri və onların xüsusiyyətləri barədə geniş məlumat veriləcək. Həmçinin uşaqlar ağacların ilin fəsillərinə uyğun dəyişməsi və inkişafı prosesi ilə tanış olacaqlar.
Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edəcək, müxtəlif materiallardan kiçik “sənət əsərləri” düzəldəcəklər. Daha sonra uşaqları yaşıllıqların qorunmasına təşviq etmək məqsədilə onlarla birgə güllər əkiləcək, ağaclara qulluq göstəriləcək.
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunacaq sentyabr təlimi uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də onlara ağacların planetimiz üçün çox mühüm əhəmiyyətə malik olduğunu dərk etmələri baxımından mühüm töhfə verəcək.
Təlim IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində keçiriləcək. “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.