MƏDƏNİYYƏT
Ustad aşıq Məhəmməd Şıxlının anadan olmasının110 illiyi qeyd edilib
Bakı, 15 may, AZƏRTAC
Mayın 14-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ustad aşıq Məhəmməd Şıxlının (Dərya Məhəmmədin) anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, gecənin aparıcısı ədəbiyyatşünas və ustad jurnalist Məti Osmanoğlu ustad aşıq Məhəmməd Şıxlının həyat və yaradıcılığından, aşıq sənətinə verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, bu gün el arasında daha çox Dərya Məhəmməd kimi tanınan aşıq Məhəmməd Şıxlıdan danışanda ilk yada düşən “Yurd yeri” havası olur və təsadüfi deyil ki, bu gün aşıq Məhəmmədin keçdiyi sənət yolu Azərbaycan aşıq sənətkarlığının “yurd yeri”nə çevrilib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, professor, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı ustad sənətkarın XX əsr Azərbaycan aşıq sənətinin inkişafındakı xidmətlərindən, dövrünün bir çox ustad sənətkarlarıyla yaradıcılıq və dostluq əlaqələrindən danışıb: “Aşıq sənətində elə sənətkarlar var ki, onların nə ifası, nə də siması çoxlarının yadında qalmır, onların söz yükü yadda qalır. Dərya Məhəmməd o kişilərdən idi. Onun özünəməxsus oxumaq tərzi var idi. Çalğısı da bənzərsiz idi”.
Akademik Teymur Bünyadov, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal çıxış edərək Məhəmməd Şıxlının ustad aşıq kimi özünəməxsusluğundan və bənzərsizliyindən, aşıq sənətinin inkişafındakı xidmətlərindən söz açıblar.
Gecənin bədii hissəsində Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu “Şirvan müxəmməsi”, Avdı Musayev “Yurd yeri”, Əməkdar Mədəniyyət İşçisi Əhliman Şirvanlı “Gözəlləmə” və digər aşıq mahnıları ifa olunub.
Sonda ustad aşığın qızı Gülarə Qocayeva ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.