SİYASƏT


“VƏTƏN” CƏMİYYƏTİNDƏ GÖRÜŞ

“Vətən” cəmiyyətində “Vətən” beynəlxalq fondunun baş direktoru Heydər Məmmədəliyev Kanada-Azərbaycan ticarət palatasının prezidenti, Kanadadakı Azərbaycan Federasiyasının sədri Səid Kazımi və Kanadanın bir qrup iş adamı ilə görüşmüşdür. Səid Kazımi AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, indiki səfərdən məqsəd Azərbaycan məktəbləri məzunlarının Torontodakı məşhur Tətbiqi elmlər və texnologiyalar kollecinə qəbulunun şərtləri barədə məlumat verməkdir. Nümayəndə heyətinə dünyanın 70 ölkəsindən 14 min tələbənin 200 ixtisas üzrə təhsil aldığı kollecin təmsilçiləri də daxildirlər. Milli Elmlər Akademiyasında valideynlər və şagirdlərlə görüş keçiriləcək, onlara təhsil almaq və yaşamaq şərtləri, təhsil haqqı barədə məlumat veriləcəkdir. Kollecdə təhsil müddəti iki ildir. Onu bitirdikdən sonra məzunlara təhsillərini Kanada Universitetində davam etdirmək imkanı yaradılacaqdır. Təhsil haqqı, digər Qərb ölkələri ilə müqayisədə, nisbətən aşağıdır. Səid Kazımi demişdir ki, onun başçılıq etdiyi Azərbaycan Federasiyası ilk vaxtlar azərbaycanlı tələbələrə kömək göstərəcəkdir. 

Səid Kazımi Azərbaycana əvvəllər də gəlmiş, qaçqınlara humanitar yardım paylamış, kompüterlərin quraşdırılması işlərini təşkil etmişdir. Soydaşımız Ermənistan-Azərbaycan münaqişəsi, ümumiyyətlə, Azərbaycan haqqında həqiqəti Kanadada hər vasitə ilə yayır. Bu yaxınlarda o,Torontoda hökumət nümayəndələrinin, görkəmli ictimai xadimlərin, iş adamlarının iştirakı ilə “Azərbaycan günü” adlı qəbul təşkil etmişdir.

Kanada biznesmenlərinin səfərinin digər məqsədi Kanada mütəxəssislərinin yüksək texnologiyaların tədrisi üzrə treninqlər keçirməsi haqqında “Azavrotel” şirkəti ilə saziş imzalamaqdır. Bu layihə iki il müddətinə nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.