VERGİDƏN YAYINANLARA QARŞI CİNAYƏT İŞLƏRİ QALDIRILMIŞDIR
AzerTAg.az
Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabr ayı ərzində nazirliyin yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergidən yayınma və qanunsuz sahibkarlıq faktları ilə bağlı daha 24 cinayət işi başlanmışdır.
Bakı Şəhər Vergilər Departamentinin 1 nömrəli filialında qeydiyyatda olan “Ticarət evi servis OYL” Açıq Səhmdar Cəmiyyəti, “Azərinşaattikinti”, “Azərtəchizattikinti”, “Mars” məhdud məsuliyyətli cəmiyyətləri və “E.Y.Ç.İ.İ. Company” şirkətinin ümumilikdə 5 milyard 85 milyon 100 min manat, 2 nömrəli filialda qeydiyyatda olan “Optimal Ltd”, “İnarə”, “Zəngəzur”, “ERT” MMC-ləri, “Nərminə” şirkəti və “Azərbaqqaliyyə” Respublika Topdan Satış Kontorunun ümumilikdə 3 milyard 371 milyon 100 min manat, 3 nömrəli filialda qeydiyyatda olan “Ulu Turan” istehsalat-kommersiya firmasının direktoru Qulu Qasım oğlu Qasımov, “Omeqa” istehsalat-kommersiya firması və “Konsaltinq” MMC-nin ümumilikdə 4 milyard 255 milyon 400 min manat, yəni külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığı müəyyənləşdirilmişdir.
Həmin hüquqi və fiziki şəxslərə, eləcə də 2 nömrəli Ərazi Vergilər İdarəsində qeydiyyatda olan elektrik avadanlığı və qaldırıcı mexanizmlər üzrə ixtisaslaşdırılmış təmir-tikinti müəssisəsinin direktoru Müşfiq Taleh oğlu Səfərov, “Texno-Serviz” şirkəti və “Elşad-R” firmasına (ümumilikdə 1 milyard 967 milyon 200 min manat), 4 nömrəli Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “Savanna” firmasına (363,3 milyon manat), 5 nömrəli Ərazi Vergilər İdarəsində qediyyatda olan təmir-tikinti-quraşdırma sahəsinə (266,1 milyon manat) qarşı Cinayət Məcəlləsinin 213.4-cü maddəsi ilə cinayət işləri başlanmışdır. Eyni zamanda, Bakı Şəhər Vergilər Departamentinin 3 nömrəli filialında qeydiyyatda olan “Cahan-1” firmasının 131,6 milyon manat vergiləri dövlət büdcəsinə ödəmədiyi müəyyənləşdirilmişdir. Bu firmaya qarşı Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi qaldırılmışdır.
Beləliklə, noyabr ayı ərzində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları 15 milyard 439 milyon 800 min manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması ilə bağlı 20 fakt aşkar etmişlər.
Bundan başqa, departamentin əməkdaşları 11 nömrəli Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “Azan” firmasının direktoru Yaşar Əbülfət oğlu Atakişiyevin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 17,5 milyon manat gəlir əldə etdiyini müəyyənləşdirmişlər. Faktla bağlı Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cinayət işi qaldırılmışdır. 3 nömrəli Ərazi Vergilər İdarəsində qeydiyyatda olan fiziki şəxs Əkbər Mustafa oğlu Təhməzovun isə dövlət büdcəsinə ödənilməli olan 35,9 milyon manat məbləğində vergiləri azaltdığı və 43,9 milyon manat gəlir əldə etməklə dövlətə xeyli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Ə.Təhməzova qarşı Cinayət Məcəlləsinin 192.2.1-ci və 213.2-ci maddələri ilə cinayət işi başlanmışdır.
Bakı Şəhər Vergilər Departamentinin 1 nömrəli filialında qeydiyyatda olan fiziki şəxs Faiq Hidayət oğlu Babayevə məxsus ərzaq mağazasında 4 milyon manatlıq saxta aksiz markası ilə markalanmış və ümumiyyətlə, aksiz markası ilə markalanmamış, 11 nömrəli Ərazi Vergilər İdarəsində qeydiyyatda olan fərdi sahibkar Fərid Vaqif oğlu Hüseynova məxsus “24 saat–market” mağazasında isə 3,1 milyon manatlıq saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkar edilmişdir. Hər iki faktla əlaqədar Cinayət Məcəlləsinin 213.1.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var