İQTİSADİYYAT
VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Ölkəmizdə sağlam vergi münasibətlərinin qurulması və vergiqoyma bazasının genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir.
Aprel ayında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi bəyannamələrinin təqdimetmə müddəti başa çatmışdır. Əldə edilən göstəricilərin ötən dövrlərlə müqayisəsi belə fəaliyyətlə məşğul olan və bu zaman vergi uçotuna duran fiziki şəxslərin sayının xeyli artdığına dəlalət edir.
Aprel ayının 1-nə respublika üzrə 51350 nəfərin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeydə alınmışdır. Onlardan 3231-i əlavə dəyər vergisi ödəyicisi kimi uçota götürülmüşdür. Hesabat dövrü ərzində sahibkarlıqla məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə 20 milyard 234,3 milyon manat vergi ödənilmişdir.
Məlumat üçün yerd edək ki, respublika üzrə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərdən 34 minə yaxın vergiödəyicisi əsasən pərakəndə ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərir. Digər xidmət sahələrindən bərbərlik və kosmetika xidməti göstərən 1497 nəfər, sərnişindaşıma ilə məşğul olan 2211 nəfər, mənzillərini kirayəyə verən 528 nəfər, əmlakını icarəyə verən 241 nəfər, avtomobillərə texniki xidmət göstərən 1709 nəfər, çörək və şirniyyat məhsulu istehsal edən 719 nəfər, təmir-tikinti işləri ilə məşğul olan 173 nəfər, foto və videoxidmət göstərən 265 nəfər, atelye xidməti göstərən 948 nəfər, musiqi xidməti göstərən 239 nəfər, o cümlədən xanəndəliklə məşğul olan 56 nəfər göstərilən dövrdə gəlir vergisi ödəmişdir.
Vergi orqanları sahibkarlıqla məşğul olaraq vergi uçotundan yayınan fiziki şəxslərin aşkar edilməsi istiqamətində də tədbirləri davam etdirir. Vergilərdən yayınaraq fəaliyyət göstərən sahibkarlar aşkar edilərək uçota alınmış və əvvəlki fəaliyyəti ilə bağlı onlara qarşı cərimələr tətbiq olunmuşdur. Aprel ayına olan məlumata görə, bütövlükdə fiziki şəxslərə 125,4 milyon manat cərimə kəsilmişdir. Sözügedən müddətə vergi uçotundan yayınanlara kəsilmiş cərimə məbləği üzrə ötən dövrlərdən qalmış məbləğlər də nəzərə alınmaqla 2,04 milyard manat cərimə borcu qalmışdır.
Vergilər Nazirliyinin mətbuat xidməti bütün fiziki şəxslərin nəzərinə çatdırır ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən vergi orqanlarında uçota durmaq və vergiödəyicisinin eyniləşdirmə nömrəsini almaq zəruridir. Əgər vergi orqanları uçota durmadan və ya eyniləşdirmə nömrəsi almadan fəaliyyət göstərilməsi hallarını aşkar edərlərsə, bu zaman həmin fiziki şəxslərə İnzibati Xətalar Məcəlləsinin 251-ci maddəsinə əsasən şərti maliyyə vahidinin 10 mislindən 25 mislinədək miqdarda cərimə tətbiq ediləcəkdir.