DÜNYA
VETERANLARIN ŞƏRƏFİNƏ
İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 57-ci ildönümü münasibətilə Dövlət Neft Akademiyasında veteranlarla ənənəvi görüş keçirilmişdir.
ADNA-nın rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Siyavuş Qarayev veteranları salamlayaraq xatırlatdı ki, bu müharibədə cəbhəyə gedən 600 minə yaxın həmyerlimizdən 260 mini döyüşlərdə həlak olmuş, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çoxu orden və medallarla təltif edilmişdir. Azərbaycanın cəsur oğulları arasında ADNA-nın 400-ə yaxın müəllimi və tələbəsi də olmuşdur. Onların bəziləri həlak olmuş, qalanları isə müharibədən sonra bu ali məktəbdə fəaliyyətlərini davam etdirmişlər. Hazırda ADNA-da 13 müharibə veteranı çalışır və onlara böyük hörmət və ehtiram göstərilir.
Rektor vurğuladı ki, 1990-cı illərin əvvəllərində hakimiyyətdə olanlar tarixi və həmyerlilərimizin ikinci dünya müharibəsində göstərdikləri qəhrəmanlığı unutdurmağa çalışmışlar. Yalnız möhtərəm Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu məsələyə münasibət dəyişmişdir. Veteranlar yenə də hörmət və ehtiram, qayğı ilə əhatə olunmuşlar.
Sonra çıxış edən veteranlar onlara göstərilən daimi qayğıya görə ali məktəbin rəhbərliyinə təşəkkür etdilər.
Respublika Veteranlar Şurasının məsul katibi Seyfəddin Şıxlı S.Qarayevə fəxri fərman təqdim edərək bildirdi ki, siz respublikada bu mükafata layiq görülmüş ilk rektorsunuz.