DÜNYA
VİKTOR YUŞŞENKO UKRAYNA-AZƏRBAYCAN HÖKUMƏTLƏRARASI SAZİŞİNİN RATİFİKASİYASI HAQQINDA QANUNU İMZALAMIŞDIR
Sazişdə neftin, o cümlədən üçüncü tərəflərin neftinin Ukrayna və Azərbaycan ərazisi ilə təhlükəsiz, səmərəli və maneəsiz nəql edilməsi nəzərdə tutulur. Neft nəqli vasitələri və obyektlərindən istifadənin kommersiya şərtləri bu vasitələr üçün mülkiyyət hüququna və ya bu vasitələrin idarə olunması üçün səlahiyyətə malik təsərrüfat subyektləri arasında müəyyən edilir və neftin nəqli haqqında müvafiq sazişlərdə əksini tapır.
Sazişə uyğun olaraq, neftin iki dövlətin ərazisi ilə daşınmasının vergi və gömrük tarifləri tərəflərin mövcud milli qanunvericiliyinə müvafiq surətdə və beynəlxalq normalara əsasən müəyyən edilir, nəqletmə haqqında müqavilələrin qüvvədə olduğu dövrdə dəyişməz qalır.
Saziş 2004-cü il iyunun 3-də Kiyevdə Ukrayna və Azərbaycan hökumətləri arasında imzalanmış və bu il noyabrın 16-da Ukrayna Ali Radası tərəfindən ratifikasiya edilmişdir.