DÜNYA
VİKTOR YUŞŞENKO: VAXTINDAN ƏVVƏL PARLAMENT SEÇKİLƏRİNİ MİLLİ MƏNAFE TƏLƏB EDİR
Ali Radaya vaxtından əvvəl seçkilər parlament böhranını aradan qaldırmaq üçün son tədbirdir, bunu milli mənafelər tələb edir.
AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, Prezident Viktor Yuşşenko bunu aprelin 4-də “Faynənşl tayms” (Britaniya), “Fiqaro” (Fransa), “Reç Pospolita” (Polşa) və “Karryere della sera” (İtaliya) qəzetlərində dərc edilmiş məqaləsində bildirmişdir.
Yuşşenko Ali Radanın buraxılması haqqında öz qərarını izah edərək deyir ki, parlament koalisiyası hakimiyyətin qolları arasında konstitusiya tarazlığının pozulmasına və keçirilmiş parlament seçkilərinin nəticələrinin təhrif olunmasına yönəldilmiş ardıcıl kampaniyaya başlamışdır.
Prezident əmindir ki, siyasi prosesin əsas iştirakçıları demokratik hakimiyyət sisteminə hörmət bəsləmək istəmirsə və xalqın iradəsini yerinə yetirməkdən boyun qaçırırsa, onda demokratik cəmiyyəti inkişaf etdirmək mümkün deyildir. Yuşşenko vurğulamışdır: “Məhz ona görə parlamentin buraxılması və mayın 27-nə yeni seçkilər təyin olunması haqqında qərar qəbul etməkdən savayı, başqa çarəm qalmadı”.