ELM VƏ TƏHSİL


Vahid Fərzəliyev : Sosial təcrid tədbirləri xəstəliyin geniş yayılmasının qarşısını alan yeganə üsuldur

Bakı, 2 may, AZƏRTAC 

Bu günlərdə bizim hamımızı bir məsələ narahat edir, o da koronavirusla bağlı dünyada baş verənlərdir. Biz hər birimiz bilirik ki, karantin qaydalarına tabe olub həyatları xilas etmək təşəbbüsünə qoşulmaqla, özümüzün və başqalarının koronavirusa yoluxma riskinizi azaltmış oluruq. Bu gün bəşəriyyət çox təhlükəli və qorxulu bir bəla ilə üz-üzə qalmışdır. Yer kürəsində 3 milyondan artıq insan bu xəstəliyə yoluxub, 200 mindən artıq insan həyatını itirib, nəhayətdə yoluxanların təxminən 7 faizi dünyasını dəyişib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev söyləyib. O bildirib ki, hazırda qonşu dövlətlərdə bu yoluxmanın nə qədər ciddi fəsadlar törətdiyinin şahidi oluruq: “Lakin bu bəlanın xalqımızın sağlamlığına və gələcək taleyinə necə təsir edəcəyi bizim özümüzdən asılıdır. Biz hamımız şahidiyik ki, dövlətimizin koronavirusa qarşı vaxtında gördüyü tədbirlər hesabına vətəndaşlarımızın kütləvi şəkildə virusa yoluxmasının qarşısı alındı. Əgər bu tədbirlər olmasaydı, biz indi tamamilə başqa mənzərənin şahidi ola bilərdik. Hökumət tərəfindən koronavirusla əlaqədar bir neçə dəfə vətəndaşların ümumi davranışları ilə bağlı sərt qərarlar qəbul edilib. Bütün çağırışlara, məhdudiyyətlərə və cərimələrə baxmayaraq bu məsələlərə bəzi insanların qeyri-ciddi yanaşdığının şahidi oluruq. Biz mütəxəssislərin məsləhətlərini, karantin qaydalarını qulaqardına vurmaqla özümüzün, yaxınlarımızın, həmkarlarımızın həyatını risk qarşısında qoyuruq. Xəstəliyə yoluxmuş bir insan yüzlərlə insanı yoluxdura bilər”.

V.Fərzəliyev qeyd edib ki, dünya təcrübəsindən göründüyü kimi, sosial təcrid və gigiyena tədbirləri xəstəliyin geniş yayılmasının qarşısını alan yeganə üsuldur. Xəstəliyin yeni dalğasına yol verməmək üçün biz bu qaydalara əməl etməliyik. Biz problemə nə qədər məsuliyyətlə yanaşsaq, normal həyata bir o qədər tez qayıdarıq, həm öz sağlamlığımızı, həm də xalqımızın sağlamlığını qorumuş olarıq. Evdən kənarda məsafə, şəxsi gigiyena və qoruyucu tədbirləri saxlamaq lazımdır. Bu günlərdə əldə olunan nailiyyətləri qorumaq üçün hər birimiz hamılıqla ölkəmizdə artıq formalaşmış həmrəyliyimizi davam etdirərək, dövlətimizin koronavirusla mübarizə tədbirlərini bundan sonra da dəstəkləməliyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.