İQTİSADİYYAT
Vahid kart ödəmə sisteminə may ayından etibarən keçilə bilər
Bakı, 20 fevral (AZƏRTAC). Bakıda vahid kart ödəmə sisteminə may ayından etibarən keçilə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 20-də jurnalistlərə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin texniki istismar üzrə direktoru İbrahim Əliyev məlumat vermişdir.
Bir çox ölkələrin təcrübələrindən istifadə ediləcəyini deyən İ.Əliyev qeyd etmişdir ki, vahid kart ödəmə sistemi sərnişinlər tərəfindən ictimai nəqliyyatdan istifadəyə görə haqların ödənilməsini təmin edən bir mexanizmdir. Sistemin tətbiq olunması ilk növbədə insanların rahatlığını təmin etmək və nəqliyyatda sərnişindaşımanın işini rahatlaşdırmaqdır. Müasir sistem sərnişindaşımanın metro, taksi və avtobus vasitələrində istifadə olunacaqdır. Sərnişin xüsusi kartı avtobus və taksilərdə quraşdırılacaq terminallara daxil edəcək və gedəcəyi məsafədən asılı olaraq müvafiq ödəmə aparacaqdır.
Həmçinin sərnişinlər dayanacaqlarda quraşdırılmış POS-terminallar vasitəsilə kartdakı balansını artıra, öyrənə və digər əməliyyatlar apara bilərlər. Bu işlərə keçən ildən başlanılmış və hazırda da davam etdirilir.