REGİONLAR
Valeh Salehov: Bu təşəbbüs, eyni zamanda, sağlam həyatımız üçün diqqət yetirməli olduğumuz zəruri problemin həllinə çağırışdır
İsmayıllı, 6 dekabr, AZƏRTAC
Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar bir gündə 650 min ağac əkək təşəbbüsü bütün İsmayıllı sakinlərinin ürəyincə olub. Bu təşəbbüs, eyni zamanda, ekologiyamızın təmizliyi, sağlam həyatımız üçün hər kəsin diqqət yetirməli olduğu zəruri problemin həllinə çağırışdır. Ona görə biz də bu nəcib, xeyirxah təşəbbüsə qoşulanlar sırasında ağac əkməyə çıxmışıq.
Bu sözləri İsmayıllıda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində rayon ağsaqqallı Valeh Salehov söyləyib.
O deyib: “Coğrafi mövqeyindən asılı olmayaraq, bu gün İsmayıllının bütün yaşayış məntəqələrində insanlar təbiəti zənginləşdirməyə, yaşıllığı artırmağa, bir sözlə, Birinci vitse-prezidentimizin irəli sürdüyü təşəbbüsün icrasına çıxıblar. Aran Gəraybəyli və Qubaxəlillidən başlamış dağlıq zonalarda yerləşən Qalacığa, Lahıcadək olan ərazilərdə minlərlə insan özünə borc bilir ki, ağac əksin, bu nəcib təşəbbüsə qoşulmaqla ekologiyanın tarazlığının bərpasında iştirak etsin. Sevinirik ki, onların arasında gənclərlə yanaşı, biz ağsaqqallar da varıq”.