MƏDƏNİYYƏT
Vaqif Mustafayev: “Fəryad 2” filminin çəkilməsində məqsədlərdən biri də erməniləri dünyada ifşa etməkdir
Bakı, 6 oktyabr, AZƏRTAC
Mən “Fəryad” filminin birinci hissəsinin ssenari müəllifi olmuşam. Ceyhun Mirzəyev də onu rejissor kimi çəkib, həm də baş rolda oynayıb. Həmin film Birinci Qarabağ müharibəsi haqqında idi. Hər kəs bu filmi görüb və bilir ki, ağır bir filmdir.
Bu sözləri görkəmli kino rejissoru, ssenarist, Xalq artisti Vaqif Mustafayev AZƏRTAC-a müsahibəsində deyib.
“44 günlük Vətən müharibədən sonra “Fəryad” filmi daha da baxımlı oldu və sosial şəbəkələrdə onun ikinci hissəsinin çəkilməsi barədə təkliflər irəli sürüldü. İnsanlar “Fəryad” filminin davamını görmək istəyirlər. Soruşurdular ki, nə üçün Vaqif Mustafayev “Fəryad 2” filmini çəkmir. Bu təkliflər artdıqca Mədəniyyət Nazirliyi buna bir cavab olaraq bizə filmin davamını çəkmək barədə tapşırıq verdi. Mən həmin vaxt “Molla Nəsrəddin” filmi üzərində çalışırdım. Nazirliyin bu təklifindən sonra dərhal ssenari üzərində işləməyə başladım. İndi artıq film üzərində çəkilişlər gedir. Filmlə bağlı biz 8 gün Hadrudda olduq”,- deyə Vaqif Mustafayev bildirib.
İkinci hissə bizim güclü silahımız və məğlubedilməz ordumuz haqqındadır deyən rejissor bildirib ki, “Fəryad 2”də erməni düşüncəsinin çox cılız olduğu da göstərilir. Bu filmə başqa ölkələrdə ermənilərlə dostluq edən insanlar baxsalar “dost” dediyi kəsin kim olduğunu anlayacaqlar. Çünki, filmin çəkilməsində məqsədlərdən biri də erməniləri dünyada ifşa etməkdir.
“Birinci Qarabağ müharibəsi bizim üçün uğursuz olduğu üçün “Fəryad” filmi kədərli notlarla köklənmişdi. Ancaq ikinci hissə tamamilə başqa ab-hava üzərində qurulacaq. Çəkiliş zamanı heç bir çətinliklərlə üzləşmədik, çünki çəkiliş qrupu komanda şəklində işləyirdi və ən əsası da odur ki, dövlətimiz bizə dəstək olur”,- deyə rejissor vurğulayıb.
Rejissor fürsətdən istifadə edib Müdafiə Nazirliyinə və Müdafiə Sənayesi Nazirliyinə, eyni zamanda filmdə çəkiliş qrupuna köməklik göstərən hər bir kəsə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, ilkin işçi adı “Fəryad II” olan filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasının istehsalıdır.