CƏMİYYƏT
Vaşinqtonda Azərbaycanın minatəmizləmə sahəsində nailiyyətləri vurğulanıb VİDEO
Vaşinqton, 26 oktyabr, AZƏRTAC
ANAMA-nın minaaxtaran itlər qrupu ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən (Mİİ) 2018-ci il üzrə ilin heyəti seçilib. İnstitutun münsiflər heyəti ANAMA-nın namizədi Vahid Məmmədovu və onun “Esgimo” adlı itini Azərbaycanda minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə bu mükafata layiq görüb.
AZƏRTAC xəbər verir ki, Mİİ-nin 21-ci illik Qala tədbiri çərçivəsində bu qrup üçün xüsusi təltifetmə mərasimi keçirilib. Tədbirdə ABŞ-ın dövlət rəsmiləri, konqresmenlər, diplomatik korpusun üzvləri, eləcə də ANAMA-nın direktoru Qəzənfər Əhmədov, bəzi ölkələrdən xüsusi qonaqlar iştirak ediblər.
Təqdimat zamanı ANAMA-nın Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən regional bazasında xidmət edən Vahid Məmmədov insan həyatını xilas edən xidməti barədə danışıb.
Səfirliyin müşaviri Vüqar Qurbanov çıxış edərək Azərbaycanın beynəlxalq minatəmizləmə fəaliyyətinə göstərdiyi töhfələrdən, ANAMA-ya dövlət diqqətindən danışıb, həmçinin bu quruma göstərilən dəstəyə görə beynəlxalq tərəfdaşlara, o cümlədən ABŞ-a təşəkkür edib.
Tədbirdə, həmçinin ABŞ müdafiə katibinin sabitləşdirmə və humanitar məsələlər üzrə köməkçisinin müavini Mark Suayn, “respublikaçı” senator Mayk Enzi və digər natiqlər çıxış ediblər.
Sonra Vaşinqtonda fəaliyyət göstərən “İpək Yolu” ansamblı Azərbaycan rəqslərini ifa edib.
Vaşinqtona səfəri çərçivəsində ANAMA qrupu Merilənd ştatında yerləşən Qleneq məktəbində də olub, müəllim və şagird heyətinə Azərbaycan və ANAMA barədə məlumat verib.
Həmçinin ANAMA-nın mükafat alan heyətinin şərəfinə Azərbaycanın ABŞ-dakı səfirliyində ziyafət təşkil edilib.
Qeyd edək ki, ANAMA qərargahı ABŞ-ın Virciniya ştatında yerləşən və dünyanın bir çox münaqişə bölgələrində humanitar minatəmizləmə fəaliyyətinə dəstək göstərən Mİİ ilə uzunmüddətli əməkdaşlıq əlaqələrinə malikdir. Bu vaxta kimi bu təşkilat tərəfindən ANAMA-ya 30-dan artıq minaaxtaran it hədiyyə verilib və bu itlər tərəfindən ölkəmizin müxtəlif regionlarında 7,5 kvadrat kilometr ərazi minalardan təmizlənib, həmçinin 26 ədəd tank əleyhinə, 18 ədəd piyadalar əleyhinə mina və yüzdən artıq partlamamış hərbi sursat aşkarlanıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton