İQTİSADİYYAT
Vaşinqtonda “Dostluq” yatağına dair Anlaşma Memorandumuna həsr olunmuş forum keçirilib
Vaşinqton, 10 fevral, AZƏRTAC
Vaşinqtonda fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz İnstitutunun təşəbbüsü ilə onlayn forum keçirilib.
AZƏRTAC xəbər verir ki, forum Azərbaycan ilə Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı əldə olunan razılaşmadan irəli gələn əməkdaşlıq və onun regionda yaratdığı yeni imkanlara həsr olunub.
Forumda Mərkəzin sədri, tanınmış politoloq Fredrik Starın moderatorluğu ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, Türkmənistanın bu ölkədəki səfiri Meret Orazov, ABŞ-ın Azərbaycanda keçmiş səfiri Metyu Brayza və Mərkəzin direktoru, tanınmış araşdırmaçı Svante Kornel panelist qismində çıxış ediblər.
İnternet üzərindən “Facebook” və “Youtube” şəbəkələrində canlı yayımlanan forumda Xəzər dənizinin karbohidrogen yataqlarının birgə kəşfiyyatı və işlənməsini ehtiva edən Anlaşma Memorandumu ətrafında müzakirələr aparılıb, bu layihənin iki ölkə arasındakı əməkdaşlığı yeni müstəviyə çıxartmaqla yanaşı, regional səviyyədə enerji sahəsinə əlavə imkanlar gətirdiyi bildirilib, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin bu əməkdaşlıqdan faydalanacağı qeyd olunub.
Səfir Elin Süleymanov çıxışı zamanı Azərbaycan və Türkmənistan tərəfindən “Dostluq” yatağı üzrə razılaşmanın əldə edilməsi istiqamətində görülən işlərdən bəhs edərək bu memorandumun imzalanmasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iki dövlətin strateji maraqları naminə birgə fəaliyyəti nəticəsində mümkün olduğunu vurğulayıb və bunun qardaş dövlətlərimizin nə qədər yaxın və dost olmasının göstəricisi olduğunu bildirib. Səfir son 30 ildə Azərbaycan və Türkmənistanın müstəqillik və suverenliyini gücləndirərək hazırda regionun vacib ölkələrinə çevrildiyini qeyd edib, bu razılaşmanın hər iki ölkənin milli maraqlarından və ölkə rəhbərlərinin siyasi iradəsindən qaynaqlandığını diqqətə çatdırib.
Səfir Vətən müharibəsindən sonra regionda baş verən dəyişikliklərin nəqliyyat, enerji və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinə və ümumilikdə regionda sabitliyin qorunub saxlanmasına imkan yaratdığını qeyd edib. 2020-ci ilin 12-14 iyul tarixlərində Ermənistan tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilmiş hərbi təxribatı xatırladan səfir bunun yalnız Azərbaycana qarşı deyil, bütün region üçün olduqca əhəmiyyətli olan enerji və nəqliyyat xətlərinə təhlükə yaratdığını qeyd edib. O bildirib ki, Azərbaycan tərəfi öz qətiyyətli cavabı ilə regionda ümumi sabitliyə böyük töhfə verib. Ölkəmizin Vətən müharibəsindəki qələbəsi regionda yeni imkanlar yaratmaqla yanaşı, bölgədə əsas təhlükə mənbəyinin aradan qaldırılması ilə nəticələnib. Regional enerji, nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyətindən bəhs edən E.Süleymanov yeni razılaşmanın Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri, eləcə də Ermənistan üçün də fayda gətirəcəyini vurğulayıb.
Türkmənistan səfiri Meret Orazov Azərbaycan və Türkmənistan arasında əməkdaşlığı regionda sabitlik və inkişafın əsas elementi olaraq qiymətləndirib, ölkəmizin Türkmənistana hər zaman dəstək olduğunu qeyd edib. M.Orazov Lapis Lazuri layihəsi çərçivəsində Əfqanıstanın inkişafı üçün və digər formatlarda ölkəmizlə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Tədbir zamanı Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasının əhəmiyyəti vurğulanıb, layihənin regional inkişafa və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd olunub.
AZƏRTAC-ın Vaşinqton bürosu