DÜNYA
Vaşinqtonun “Şimal axını-2” qaz kəmərinin tikintisinə mane olmaması müqabilində Berlin ona sanballı investisiya təklif edir
Berlin, 17 sentyabr, AZƏRTAC
“Şimal axını-2” qaz kəmərinin tikintisində iştirak edən şirkətlərə və təşkilatlara ABŞ tərəfindən tətbiq edilən sanksiyaların götürülməsi müqabilində Almaniya okeanın o tayından maye təbii qaz (MTQ) qəbulu üçün öz vəsaiti hesabına iki iri terminal tikməyi təklif edir.
AZƏRTAC xəbər verir ki, federal hökumətin bu təklifi yerli KİV-lərdə qızğın müzakirə mövzusuna çevrilib.
Məlum olduğu kimi, Ağ ev hələ Barak Obamanın dövründən Rusiyadan Baltik dənizinin dibi ilə Almaniyaya qaz kəməri tikintisinə kəskin etiraz edirdi.
Amerikalılar Rusiya qazının alternativi kimi öz maye təbii qazlarını təklif edir, lakin bu MTQ-nin qiyməti təbii qaz yanacağının qiymətindən xeyli yüksəkdir. Almaniya ABŞ tərəfindən göstərilən təzyiqə qarşı uzun müddət müqavimət göstərdi. Nəticədə ABŞ bu qaz kəmərinin tikintisinə iştirak edən şirkətlərə və təşkilatlara qarşı sanksiyalar tətbiq etdi. İndi Berlin həmin layihəni xilas etmək və daha ucuz qaz mənbəyini itirməmək üçün həmin sanksiyaların götürülməsi müqabilində ABŞ-a öz limanlarında MTQ qəbulu üzrə iki meqaterminal tikməyi təklif edir. Onlardan biri Brunsbyutteldə (Şlezviq-Qolşteyn federal əyaləti), digəri Vilhelmshafendə (Aşağı Saksoniya federal əyaləti) yerləşir.
Okeanın o tayından bu təklifə hələ cavab verilməyib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin