CƏMİYYƏT
Vəkil qurumlarının rəhbərləri ilə görüş keçirilib
Bakı, 12 iyul, AZƏRTAC
Vəkillər Kollegiyası Rəyasət Heyəti rəhbərliyinin iştirakı ilə Bakıda fəaliyyət göstərən vəkil qurumlarının rəhbərlərinin iclası keçirilib.
Kollegiyanın Rəyasət Heyətindən AZƏRTAC-a bildiriblər ki, iclasda açılış nitqi ilə çıxış edən kollegiyanın sədri Anar Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamından irəli gələn tövsiyələrin icrası bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə iclas iştirakçılarına məlumat verib, vəkil qurumlarının fəaliyyəti ilə bağlı bir sıra məsələlərə toxunub.
Qeyd olunub ki, Rəyasət Heyətinin sonuncu iclasında vəkil qurumlarının tərkibində, lakin vəkil qurumunun yerləşdiyi ünvandan fərqli ünvanlarda fəaliyyət göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məsələsi müzakirə olunub. Gələcəkdə həmin vəkillərin müvafiq vəkil qurumunun nəzdində yaradılacaq “vəkil kabineti”ndə fəaliyyət göstərmələrinin məqsədəuyğunluğu qeyd edilib, bununla bağlı qaydaların hazırlanması barədə məlumat verilib.
İclasda bu məsələ ətrafında müzakirələr aparılıb, fərqli ünvanda fəaliyyət göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsinin və nəzarət mexanizminin əhəmiyyəti vurğulanıb, vəkil qurumlarının rəhbərlərinin fikirləri və təklifləri dinlənilib.
Həmçinin Bakıda və regionlarda fəaliyyət göstərən hüquq məsləhətxanalarının nizamnamələrinə müvafiq dəyişikliklərin edilərək, adlarının “vəkil bürosu” olaraq dəyişdirilməsi məsələsinə də toxunulub. Artıq əksər məsləhətxanaların həmin dəyişikliyi həyata keçirdiyi, digərlərinin isə yaxın zamanda nizamnamələrinə müvafiq dəyişiklik edəcəyi bildirilib.
İclasda ölkədə fəaliyyət göstərən vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılması məsələsi də müzakirə olunub. 2018-ci il 22 fevral tarixli Sərəncamın bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyi, vəkil qurumlarının fəaliyyət göstərdikləri binaların vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmətin göstərilməsi üçün əlverişli vəziyyətə gətirilməsi, qurumların elektron avadanlıqla təchiz edilməsi və digər məsələlər vurğulanıb.
Anar Bağırov vəkillərin peşə fəaliyyəti zamanı bəzi nöqsanlara yol verdiklərini, etik davranış qaydalarının bəzi müddəalarının pozulması hallarına rast gəlindiyini qeyd edib, bu cür halların aradan qaldırılması, o cümlədən vəkillik fəaliyyətinin təkmilləşdirilməsi və vəkillik institutunun nüfuzunun artırılması istiqamətində görülməli olan işlər barədə tapşırıqlarını verib.
Sonda vəkil qurumlarının təmsilçiləri ilə fəaliyyətdə rast gəlinən çətinliklərin müzakirəsi, onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.