CƏMİYYƏT
Vəkillər Kollegiyası ilə BMT-nin müvafiq strukturları arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 17 yanvar, AZƏRTAC
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəsi Furio de Angelis və BMT-nin insan hüquqları üzrə ali komissarının Azərbaycandakı ofisinin rəhbəri Kamran Bağırov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşüblər.
Kollegiyadan AZƏRTAC-a verilən məlumata görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov BMT-nin və onun müvafiq strukturlarının insan hüquqlarının səmərəli müdafiəsindəki rolu, həmçinin bu kimi fəaliyyətdə vəkillərin müstəsna funksiyaları barədə fikirlərini bildirib, ölkəmizdə son vaxtlar vəkillərin sayının artırılması ilə bağlı görülən işlər, vəkilliyin nüfuzunun artırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan planlar barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədilə vəkillərin sayının artırılması barədə tövsiyəsindən irəli gələrək, Vəkillər Kollegiyası 2017-ci il dekabrın 11-dən bu il yanvarın 11-dək vəkilliyə sənəd qəbulunu bərpa edib, nəticədə vəkilliyə sənəd verənlərin sayı 2000-ə yaxın olub. A.Bağırov gələcəkdə bu sayın artırılmasının perspektivi, habelə gənc hüquqşünasların vəkilliyə üz tutmasını təmin etmək üçün vəkillik haqqında qanunvericilikdə təsbit olunmuş üçillik iş stajının aşağı salınması məsələlərini xüsusi qeyd edib.
Bundan başqa, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndəliyi ilə Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində gələcəkdə aztəminatlı təbəqədən olan qaçqın və məcburi köçkünlərə ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi barədə müzakirələr aparılıb.
Görüş zamanı Qulam İshaqzai növbəti aylarda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə əməkdaşlığın zəruriliyini, ən qısa zamanda bu istiqamətdə əməli addımların atılmasının önəmini qeyd edib.