CƏMİYYƏT
Vəkillər Kollegiyasının üzvləri HELP-in illik konfransında iştirak ediblər
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 4-5-də Strasburqda Avropa Şurası tərəfindən həyata keçirilən Hüquqşünasların İnsan Hüquqları üzrə Maarifləndirilməsi Proqramının (HELP) 2018-ci ilin yekunları üzrə hesabat konfransı keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, Avropa Şurasına üzv 47 ölkədən 150-dən çox təmsilçinin iştirak etdiyi tədbirin əsas məqsədi hüquqşünasların təliminin insan hüquqları və demokratikləşməyə təsiri, HELP şəbəkəsinin gücləndirilməsi və planlaşdırılması olub.
Tədbirdə Azərbaycanı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova və Vəkillər Kollegiyasının üzvü Babək Həmidov təmsil ediblər.
Hesabat konfransı Avropa Şurasının yaranmasının 70, İnsan Haqları üzrə Avropa Məhkəməsinin təsis edilməsinin 60 illiyi çərçivəsində təşkil olunub.
Konfransda Azərbaycanın 2018-ci il üzrə HELP platformasının təbliği və təşviqi üzrə fəaliyyəti Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Direktorluğu tərəfindən yaxşı nümunələrdən biri kimi qiymətləndirilib. Hazırda ölkəmiz HELP platformasının təşviqi baxımından Avropa Şurasına 47 üzv ölkə arasında onuncu yerdədir.
Tədbirdə Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Direktorluğunun rəhbəri Xristos Giakompoulos və İnsan Haqları üzrə Avropa Məhkəməsinin sədri Linos Aleksandr Sicilianos iştirak ediblər.
HELP Proqramının Azərbaycan üzrə əlaqələndirici şəxsləri Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov və hüquqşünas Zülfüqar Babayevdir.