CƏMİYYƏT
Vəkillər Kollegiyasının üzvləri beynəlxalq konfransda iştirak ediblər
Bakı, 28 oktyabr, AZƏRTAC
Daşkənddə “Vəkillik institutunun inkişaf konsepsiyası: Özbəkistan və xarici ölkələrin təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, konfransda bir sıra ölkələrin vəkillər kollegiyalarının, dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər. Beynəlxalq konfransda ölkəmizi Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov, Rəyasət Heyətinin üzvü Elçin Qəmbərov, Kollegiyanın üzvü Qeysər Cəfərov təmsil ediblər.
Konfrans çərçivəsində vəkillik fəaliyyətini maraqlandıran mövzular – müasir vəkilliyin təşkilati-hüquqi əsasları, vəkillik institutunun müstəqilliyinin və rolunun möhkəmləndirilməsi və digər məsələlər müzakirə olunub.
Tədbirdə Elçin Qəmbərov “Vəkillikdə islahat - Azərbaycan nümunəsi: görünən və görünməyən maneələr” mövzusunda çıxış edərək son dövrlər Azərbaycanda vəkillik institutunun nüfuzunun artırılması istiqamətində həyata keçirilmiş tədbirlər, bununla bağlı Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası istiqamətində görülmüş işlər və həyata keçirilən islahatlar barədə məlumat verib.