CƏMİYYƏT
Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı sənəd qəbulu davam edir
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsində iştirak üçün sənəd qəbulu davam edir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, imtahanda iştirak üçün 300-dən çox namizədin sənədinin qəbul edilməsi və yerlərin məhdud olması ilə əlaqədar hər imtahanda 250 namizədin iştirak edəcəyi nəzərə alınaraq sentyabrda ardıcıl imtahanların keçirilməsi nəzərdə tutulub.
Vəkilliyə qəbulla bağlı hüquqşünas ixtisası üzrə tələb olunan üç il iş stajının tamamlanmasına üç ay qalmış Sənəd Qəbulu Komissiyasına müraciət edilə bilər.
Sənəd qəbulu üçün elektron qaydada müraciət etmək istəyən şəxslər http://www.barassociation.az/recruitment keçidində göstərilən anket formasını doldurmalı, http://www.barassociation.az/other keçidində yerləşdirilmiş bank rekvizitləri vasitəsilə ödəniş etməli, anket formasının və ödəniş qəbzinin skan olunmuş surətlərini [email protected] elektron ünvanına göndərməlidirlər.
Əlavə məlumat üçün 012 594 14 95 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.