DÜNYA
Venesuelanın “PDVSA” şirkəti əməliyyatlarında “Petro” kriptovalyutasından istifadə edəcək
Bakı, 20 avqust, AZƏRTAC
Venesuelanın “PDVSA” (“Petroleos de Venesuela”) neft şirkəti öz əməliyyatlarında “Petro” milli kriptovalyutasından istifadə edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro yerli televiziya kanalına müsahibəsində deyib.
O bildirib ki, “Petro” ölkədə milli pul vahidi kimi istifadə olunacaq. “PDVSA” şirkəti də “Petro”nu öz əməliyyatlarında istifadə etməyə başlayacaq. Bundan başqa, ölkə rəhbərliyi “Petro”ya əsaslanan yeni maaş sistemi, həmçinin xidmətlər üçün yeni qiymətləndirmə sistemi formalaşdıracaq.
N.Maduro Venesuelada minimum əməkhaqqının da “Petro” kriptovalyutası ilə müəyyənləşdiriləcəyini bildirib.
“Petro”nun 60 dollar və ya Venesuelanın milli pul vahidi olan bolivardan bu gündən etibarən 5 sıfırın atılmasından sonra 3600 bolivar dəyərində olacağını deyən N.Maduro minimum əməkhaqqının da 1800 bolivar müəyyən olunduğunu qeyd edib.
Xatırladaq ki, Venesuela “Petro” adlı milli kriptovalyutasını fevralda satışa çıxarıb. Kriptovalyuta ilkin mərhələdə 100 milyon ədəd buraxılıb.