İQTİSADİYYAT
Vergilər Nazirliyi ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Memorandum imzalanıb
Bakı, 11 iyul, AZƏRTAC
Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında gələcək əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu Vergilər Nazirliyi adından Nazirliyin Tədris Mərkəzinin rəisi Əli Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi adından agentliyin sədr müavini Ülvi Mehdiyev imzalayıblar.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imzalanma iyulun 11-də Vergilər Nazirliyinin Tədris Mərkəzində ASAN könüllülərinə sertifikatların təqdim edilməsi ilə bağlı tədbirdə baş verib.
Tədbirdə çıxış edən tədris mərkəzinin rəisi Əli Həsənov bildirib ki, Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi, kadr hazırlığı və ixtisasartırma, işə qəbul prosesinin şəffaflaşdırılması, peşə etikasına əməletmə səviyyəsinin yüksəldilməsi, idarəetmə sisteminin elektronlaşdırılması, vergi orqanlarının yüksək hazırlıqlı, təşəbbüskar, innovativ yeniliklərə meyilli kadrlar hesabına komplektləşdirilməsi yolu ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı işləri davam etdirir.
Vurğulanıb ki, bu işlərin davamı olaraq Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında ASAN könüllülərinin istehsalat təcrübəsi keçmələrinə dair ötən il iyulun 28-də müqavilə imzalanıb.
Müqaviləyə əsasən, 2017-ci ilin ilk 6 ayı ərzində “ASAN xidmət” mərkəzlərinə müqavilə əsasında cəlb edilmiş 30 nəfər ASAN könüllüsünün dövlət vergi orqanlarında istehsalat təcrübəsi keçməsi təmin edilib. Bu dövr ərzində ASAN könüllüləri vergi orqanlarında təcrübə keçərək Azərbaycanda vergi orqanlarının fəaliyyət istiqamətləri və bu orqanlarda mövcud olan təcrübə ilə yaxından tanış olublar.
Sonra ASAN könüllülərinə Vergilər Nazirliyində istehsalat təcrübəsi keçmələri barədə sertifikatlar təqdim edilib.