İQTİSADİYYAT
Vergilər Nazirliyinin nümayəndəsi Avstriyada daha effektiv vergi sisteminə dair müzakirələrdə iştirak edib
Bakı, 12 noyabr, AZƏRTAC
Vergilər Nazirliyi Avstriyada Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Avstriyanın Federal Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Ortamüddətli gəlir strategiyası - daha effektiv vergi sisteminin qurulması” mövzusunda keçirilən konfransda təmsil olunub.
Nazirliyin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycan, Albaniya, Misir, Özbəkistan, Finlandiya, Moldova, Latviya, Bolqarıstan, Qazaxıstan, Rumıniya, Rusiya və digər ölkələrin maliyyə və vergi qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirdə ölkəmizi Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva təmsil edib.
S.Musayeva "Hökumətin bütövlükdə dəstəyi ilə vergi sistemi islahatı üçün hökumətin səylərini inkişaf etdirmək" mövzusuna həsr olunmuş panel müzakirədə ölkəmizdə həyata keçirilən vergi islahatlarının siyasi, sosial-iqtisadi təsirlərin müəyyən olunmasında dövlətin dəstəyi, tətbiq olunan konsepsiyalar, strategiya və proqramlar, 2018-ci ildə vergi sistemində aparılan islahatlar və onların nəticələri ilə bağlı tədbir iştirakçılarına məlumat verib.
Müzakirə zamanı konfrans iştirakçılarının Azərbaycan vergi sistemində aparılan islahatlarla bağlı sualları cavablandırılıb.