İQTİSADİYYAT
Vergiödəyicisi vergi orqanından şikayətçi olarsa onun bank hesabından vəsait yalnız məhkəmənin qərarı ilə silinəcək
Bakı, 27 dekabr, AZƏRTAC
Sahibkarlığın inkişafının dəstəklənməsi tədbirləri çərçivəsində Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də inzibati şikayətlər zamanı vergi orqanının hesabladığı vergi məbləğlərinin vergiödəyicilərinin bank hesabından silinməsinin qadağan olunmasıdır.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev deyib.
Onun sözlərinə görə, hazırda qüvvədə olan qanunvericiliyə görə, vergi orqanı sahibkara qarşı sanksiya tətbiq etdikdə həmin vəsait dərhal sahibkarın bank hesabından silinirdi. Sonradan məhkəmə çəkişməsi zamanı vergiödəyicisi haqlı sayıldığı hallarda, həmin vəsaitin geri qaytarılması müəyyən vaxt tələb edirdi və sahibkarların narazılığına səbəb olurdu.
Gələn ildən isə vergiödəyicisi vergi orqanından şikayətçi olduğu zaman onun bank hesabından vəsaiti silinməyəcək: “Bank hesabından pulun silinməsi yalnız məhkəmənin qərarı ilə həyata keçiriləcək. İndiyə qədər vergiödəyicisi 30 gün ərzində məhkəməyə şikayət etdiyi halda, onun bank hesabındakı vəsaitinin silinməsi dayandırılırdı. Bundan sonra isə həmin qayda inzibati şikayətlərə də şamil olunacaq. Yəni vergiödəyicisi vergi orqanının hesablamalarından Vergilər Nazirliyinə şikayət verdiyi halda, onun bank hesabından vəsaitin silinməsi dayandırılacaq. Bu qayda ƏDV depozit hesabından vəsaitlərin silinməsindən imtina edilməsi və həmin vəsaitlərin dondurulmasına da tətbiq olunur”.
Ə.Quliyev, həmçinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının da təsdiq edildiyini diqqətə çatdırıb: “Mikrosahibkarlıq subyekti dedikdə, işçilərinin sayı 10 nəfərə, illik dövriyyəsi 200 min manata qədər olan hüquqi şəxslər və fərdi sahibkarlar nəzərdə tutulur. Kiçik sahibkarlar 11-50 işçisi və 3 milyon manatadək dövriyyəsi olanlardır. İşçi qüvvəsi 51 nəfərdən 250 nəfərədək, illik dövriyyəsi 3-30 milyon manat olanlar orta sahibkar, işçilərinin sayı 251-dən, illik dövriyyəsinin həcmi 30 milyon manatdan çox olanlar isə iri sahibkar hesab olunurlar”, -deyə nazirlik rəsmisi söyləyib.