SİYASƏT
“Vətən” Cəmiyyəti Türkiyənin Danimarkadakı səfiri ilə erməni yalanlarına qarşı mübarizənin gücləndirilməsini müzakirə etmişdir
Bakı, 7 fevral (AZƏRTAC). Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi və qurumun təşkilat komitəsinin sədri Mehriban Əliyeva Türkiyənin bu ölkədəki səfiri Berki Dibek ilə görüşmüşlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Danimarkada fəaliyyət göstərən Azərbaycan və türk cəmiyyətlərinin birgə tədbirlərinin keçirilməsi, onların arasında əlaqələrin gücləndirilməsi, ermənilərin yaydığı yalan informasiyaya qarşı mübarizənin gücləndirilməsi məsələləri müzakirə edilmişdir.
M.Əliyeva azərbaycanlı və türk gənclərinin birgə toplantı və seminarlarının keçirilməsinin vacibliyini vurğulamışdır. O, bunun ermənilərin antiazərbaycan və antitürk təbliğatına qarşı mübarizədə daha fəallaşmalarına zəmin yaradacağını qeyd etmişdir.
S.Sadiqi isə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar təşkilatın fevralın 25-də keçirəcəyi tədbir barədə səfirə məlumat vermişdir. Səfir B.Dibek bu cür tədbirlərin keçirilməsinin erməni yalanlarının ifşasında mühüm rol oynadığını qeyd etmiş, Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcəyini bildirmişdir.