REGİONLAR
“Vətən mənə oğul desə nə dərdim...” adlı layihə çərçivəsində ictimai müzakirə
Gəncə, 13 iyul, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə Prezident Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "İslahatçı Gənclər" İctimai Birliyi "Vətən mənə oğul desə nə dərdim..." adlı layihə çərçivəsində Milli qəhrəmanların və vətənpərvərlik hisslərinin təbliği ilə bağlı ictimai müzakirə təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları, bir sıra QHT təmsilçisi, politoloqlar və fəal gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, layihə Milli qəhrəmanların nümunəvi həyat yolunun gənclər arasında təbliğinə həsr olunub.
Layihə çərçivəsində maarifləndirici materiallar, internet saytı, video-roliklər hazırlanılır. Vurğulanıb ki, "Vətən mənə oğul desə nə dərdim" adlı layihə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin Milli qəhrəmanların geniş şəkildə tanıdılması, onların keçdiyi şərəfli həyat yolunun təbliği vasitəsilə həyata keçirilməsini qarşıya məqsəd qoyub.