CƏMİYYƏT
Vətən müharibəsi qazisi: Əldə edilən Zəfər əsrlərlə Azərbaycan xalqının başına gətirilən müsibətlərin qisasıdır
İstanbul, 16 sentyabr, AZƏRTAC
İlk gündən Vətən müharibəsində iştirak etmişəm. Lakin, oktyabrın 14-də Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən yaralandım və məni Füzuli Mərkəzi Rayon Xəstəxanasına gətirdilər. Sonradan isə Silahlı Qüvvələrin Hərbi Hospitalına köçürülmüşəm. Yaralar bədənimin müxtəlif hissələrində olsa da qolum daha ağır vəziyyətdə idi və amputasiya təhlükəsi ilə qarşılaşdım. Lakin, həkimlərimizin səyləri bunun qarşısını aldı. Hospitaldan evə buraxıldıqdan sonra müalicəmlə bağlı Ali Baş Komandanımız, Prezident İlham Əliyev tərəfindən yaradılan “YAŞAT” Fonduna müraciət etdik. Yanvarın 15-dən sentyabrın 5-dək “Rəhimə Atəş” Fizioterapiya və Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçdim. Lakin sonradan yerli və türk həkimlərin rəylərinə əsasən Fondun dəstəyi ilə müalicəmin qardaş ölkədə davam etdirilməsinə qərar verildi. İlk müraciətimdən etibarən “YAŞAT” Fondu tərəfindən qeydə alındım. Lakin, özümün bəzi problemlərim səbəbindən Türkiyəyə gəlişimi iki dəfə təxirə saldım. Sentyabrın 7-dən artıq Türkiyədəyəm. Sentyabrın 10-da isə burada daha bir əməliyyat keçirdim. Hazırda vəziyyətim yaxşıdır. Həkimlərin sözlərinə görə, əlimin funksiyaları bərpa olunacaq.
Bunu AZƏRTAC-a müsahibəsində “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicə alan qazimiz mayor Rahib Misirzadə ifadə edib.
1986-cı ildə Cəbrayıl rayon Çaxırlı kəndində anadan olan qazimiz 2001-ci ildə səkkizinci sinfi bitirərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 2004-cü ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə qəbul olub. Keçdiyi hərbçi yolundan danışan R.Misirzadə deyib: “Bəzi insanlar var ki, hərbçi olaraq doğulurlar. Yəqin mən də onlardan biriyəm. Hər zaman Vətənimə xidmət etməyi özümə borc bilmişəm. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi leytenant hərbi rütbəsi ilə bitirdim. Elə həmin ildə də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursu keçərək 2009-cu ildə Ordu sıralarında tağım komandiri kimi başlayıb, tabor komandirliyi vəzifəsinə kimi yüksəldim. Mənim fikrimcə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəmizə gedən yolun ən vacib addımlarından biri də Aprel döyüşləri oldu. O döyüşlərdə iştirak etdiyim üçün çox xoşbəxtəm. Sonradan hərbi təhsilimi davam etdirməyə qərar verdim və Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil oldum. 2018-ci ildə bu ali müəssisəni bitirərək xidmətimi davam etdirdim. İştirak etdiyim son döyüşlərimin 44 günlük Vətən müharibəsi olması qürurvericidir. Əldə edilən bu tarixi Zəfər, eyni zamanda, əsrlərlə Azərbaycan xalqının başına gətirilən müsibətlərin qisasıdır. Bu qisasın alınması uğrunda hər bir azərbaycanlı kimi, mən də canımdan keçməyə hazır idim, Qələbə sevincini bizə yaşadan başda Ali Baş Komandanımız, Prezident İlham Əliyev olmaqla hər kəsə minnətdaram”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul