CƏMİYYƏT
Vətən müharibəsi qazisi: Sərgi-müsabiqə əlilliyi olan şəxslərin öz bacarıqlarını nümayiş etdirməsi üçün bir fürsətdir
Bakı, 2 dekabr, AZƏRTAC
Vətən müharibəsi başlayanda həqiqi hərbi xidmətdə idim. Tərəddüd etmədən ərazi bütövlüyümüz uğrunda döyüşlərə qoşuldum. Sentyabrın 27-dən oktyabrın 30-dək Tərtər-Ağdərə istiqamətində döyüşlərdə iştirak etdim. Sonacan döyüşmək istəsəm də, təəssüf ki, oktyabrın 30-da Ağdərə istiqamətində güllə yarası aldım. Nəticədə sağ gözümü itirdim. Buna görə heyfsilənmirəm. Əsas odur ki, 44 günün sonunda Zəfər qazandıq. Hər zaman Vətənin müdafiəsinə hazıram. Allahdan şəhidlərə rəhmət, qazilərə şəfa diləyirəm.
AZƏRTAC xəbər verir ki, bunu Əlilliyi olan şəxslərin XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsində toxuma və hörmə nominasiyası üzrə qalib olan Vətən müharibəsi qazisi Tural Şirinov deyib.
“Müharibədə yaralandıqdan sonra hansısa bir peşə sahibi olmağımı fikirləşirdim. Yeni Ramana qəsəbəsində yerləşən Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə müraciət edib tikişçi kursunu keçdim. Müəllimlərimin köməyi ilə tikişçi peşəsinin sirlərinə yiyələndim. XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsində iştirak etdim və birinci yerə layiq görüldüm. Buna görə də, ilk növbədə, müəllimlərimə borcluyam. Sərgi-müsabiqənin keçirilməsinə görə təşkilatçılara minnətdaram. Bu, əlilliyi olan şəxslərin öz bacarıqlarını nümayiş etdirmək üçün bir fürsətdir”, - deyə T.Şirinov qeyd edib.