REGİONLAR
Vətən müharibəsi şəhidi Famil Həsənzadənin xatirəsi anılıb VİDEO
Beyləqan, 23 mart Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Famil Həsənzadənin doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 44 günlük zəfər yürüşündə şəhid olan Famil Həsənzadənin anım günündə ailəsi ilə yanaşı, rayon icra hakimiyyətinin nümayəndələri, veteran və qazilər, şəhidin döyüşçü yoldaşları, kənd ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Famil Həsənzadənin həyatından və döyüş yolundan, Vətənə olan sevgisindən danışıblar. Qeyd edilib ki, Famil 1994-ci il martın 22-də Beyləqan rayonu Kəbirli kəndində anadan olub. Hələ uşaq yaşlarından hərbçi olmağı arzu edib. Famil Həsənzadə 2011-2012-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətini layiqincə yerinə yetirib və 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmətçi kimi fəaliyyətini davam etməyə başlayıb. "N" saylı hərbi hissənin minaatan taborunda minaatan komandiri olub. Famil Həsənzadə hərb sirlərinə peşəkarcasına yiyələnərək, gizir rütbəsinədək yüksəlib. 2020-ci il sentyabrın 27-də düşmən təxribatının qarşısınınn alınması üçün başlanılan əks hücum əməliyyatlarında Famil də ilk döyüşə girənlər sırasında yer alıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə Famil öz qəhrəmanlığı ilə seçilib. Noyabrın 8-də Sığnaq kəndində gərgin döyüşlər zamanı Famil qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, Həsənzadə Famil Şiraslan oğlu döyüşlərdə göstərdiyi şücaətə görə, ölümündən sonra "Vətən uğrunda", "Döyüşlərdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə"," Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.