REGİONLAR
Vətən müharibəsi şəhidi Rəvan Əliyevin bacısı dünyaya gəlib
Quba, 31 iyul, Elxan Yusifli, AZƏRTAC
Qubadan olan Vətən müharibəsi şəhidi Rəvan Əliyevin bacısı dünyaya gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və rayonun mədəniyyət işçiləri şəhid ailəsini ziyarət edib, yeni doğulan Nilaya uşaq arabası, geyim və digər hədiyyələr təqdim ediblər.
Vətən müharibəsi şəhidi Rəvan Yusif oğlu Əliyev Ağdam, Cəbrayıl və Zəngilan rayonları istiqamətində qəhrəmanlıqla döyüşüb. On doqquz yaşlı döyüşçü ölümündən sonra 3 medalla təltif olunub.
Evin tək oğul övladı olan Rəvan 2019-cu ilin iyul ayında hərbi xidmətə yollanıb. Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarında xidmət edən Rəvan Vətən müharibəsi başlayanda cəbhəyə yollanmaq üçün komandirlərinə müraciət edib. Könüllü olaraq döyüşlərə yollanan Rəvan Ağdam, Cəbrayıl və Zəngilan cəbhələrində qəhrəmanlıqla döyüşüb.
Düşmənə qan udduran döyüşçü oktyabrın 22-də Zəngilan uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb. Rəvan Əliyev Quba şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.
Şəhid Rəvan Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı küçədə abidə-bulaq kompleksi inşa olunub. Qubada yerləşən küçələrdən birinə Rəvanın adı verilib. Bununla yanaşı, onun Zəngilanda şəhid olduğu döyüş mövqeyi də şəhidimizin adı ilə “Rəvan postu” adlandırılıb.
Şəhid Rəvan Əliyev ölümündən sonra “Zəngilanın azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.