ELM VƏ TƏHSİL
Vətən müharibəsində dövlət, xalq və ordu birliyi bir daha sübut etdi ki, müstəqilliyimiz əbədidir, dönməzdir
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan onlayn tədbir keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Humanitar fənlər kafedrasınin müdiri Həbib Mirzəyev çıxış ediblər.
Bildirilib ki, bu il Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 30 illiyini qeyd edir. 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyib. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.
Diqqətə çatdırılıb ki, 18 oktyabr həm də Xudafərin körpüsü və ətraf ərazilərin erməni işğalından azad edilməsi günü kimi tarixə düşüb. 30 il ərzində biz bu bayramı ilk dəfə olaraq qalib xalq kimi qeyd edirik.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev hər zaman ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olduğunu bildirirdi. Ümummilli Liderin bu arzusunu onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
Ərazi bütövlüyümüzün bərpa olunmasında AzTU-nun tələbə və məzunlarının da iştirakı qürurvericidir. Vətən müharibəsində universitetin tələbə və məzunları arasında 28 nəfər şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində xalq, dövlət və ordu birliyi bütün dünyaya bir daha sübut etdi ki, müstəqilliyimiz əbədidir, dönməzdir.