REGİONLAR
Vətən müharibəsinin iştirakçıları ilə gənclərin növbəti görüşü keçirilib
Naxçıvan, 25 iyun, AZƏRTAC
Naxçıvan şəhərində gənclərin Vətən müharibəsinin iştirakçıları ilə növbəti görüşü təşkil olunub.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nurlan Məhərrəmov çıxış edərək bildiriblər ki, şanlı Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsi müasir hərb tariximizdə daim qürurla xatırlanacaq. Bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və bacarığı, qətiyyətli mövqeyi, qəhrəman əsgər və zabitlərimizin rəşadəti sayəsində mümkün olub. Haqsızlığa boyun əyməyən və sonadək mübarizə apararaq qalib gələn Azərbaycan əsgəri öz şücaəti, döyüş əzmi və qəhrəmanlığı ilə gələcək nəslə əsl milli vətənpərvərlik örnəyi miras qoyub. Bu ali yolda canlarından keçən şəhidlərimizə, bütün hərbçilərimizə Vətən uğrundakı fədakarlıqlarına görə daim minnətdarıq.
Vətən müharibəsi iştirakçısı, baş leytenant Əkrəm Abbasov çıxış edərək deyib ki, ordumuz Vətən müharibəsində tarix yazdı, haqq uğrunda mübarizə əzmini, döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Xalqına qələbə sevinci yaşadan, Vətən uğrunda canlarından keçən şəhidlərimizlə, qazilərimizlə, bir sözlə Azərbaycan əsgəri ilə qürur duyur, onlarla fəxr edirik.
Sonra Vətən müharibəsi iştirakçıları olan leytenant Toğrul Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Məmməd Əliyev, Elnar Möhsümov, Ramin Babayev və Şahin Məhərrəmov çıxış edərək döyüş xatirələrini iştirakçılarla bölüşüb, gənclərin suallarını cavablandırıblar.
Sonda qazilərimizə hədiyyələr təqdim olunub.