MƏDƏNİYYƏT
“Vətənimizə virtual səyahət” layihəsinin növbəti ünvanı - Şamaxı
Bakı, 23 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində bir çox rayonlar haqqında videoçarxlar hazırlayıb və sosial şəbəkələr vasitəsilə izləyicilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, növbəti videoçarx Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşən Şamaxı rayonu haqqındadır.
Videoçarxda Şamaxının bir şəhər, beş qəsəbə, əlli yeddi kənddən ibarət olan ərazisi və burada yaşayan əhalisinin sayı qeyd edilib. Daha sonra rayonun özünəməxsus, mülayim iqlimi və ona xüsusi gözəllik bəxş edən təbiəti ilə bağlı fotolar sistemli şəkildə izləyicilərə təqdim olunub.
Uca dağların qoynunda yerləşən Dədəgünəş, Çağan, Pirqulu, Talışnuru, Qəleybuğurd, Avaxıl kimi meşələrin, əzəməti ilə göz oxşayan Pirdirəyi və Qız qalası dağlarının, rayonu bol su ilə təmin edən Pirsaatçay, Qozlu, Acıdərə kimi çayların, mineral tərkibə malik olan Nənə, Musa, Şahin, Məlhəm, Nanəli, Qırxbulaq kimi bulaqların siyahısı fotolarla birgə verilib.
Rayonun ecazkar bir mənzərə yaradan florası və heyvanat aləmi ilə zəngin olan faunası videoçarxda əks olunub. Əlverişli iqlimə malik rayonda üzümçülük sahəsi xüsusi yer tutur. İzləyicilərə təqdim olunan videoçarxda mərəndi, mədrəsə, kişmişi, naznazı, təbrizi, və digər müxtəlif növ üzümlərin siyahısı verilib.
Videoçarxda tarixinin qədimliyi ilə seçilən Şamaxıda Yeddi Gümbəz, Gülüstan qalası, Şah Xəndan günbəzi, Piri körpüsü, Qalabazar hamamı və digər bir-birindən maraqlı tarixi abidələrin yaranma tarixləri verilib, Mirzə Ələkbər Sabirin ev-muzeyi ilə yanaşı başqa muzeylərin, Pirqulu, Sanqalan, Yel, Pirsaat kimi pirlərin, Astrofizika Rəsədxanası, Olimpiya kompleksi kimi müasir bina və parkların fotoları da qeyd olunub.
Yurdu Şamaxı olan İmadəddin Nəsimi, Xaqani Şirvani, Seyid Əzim Şirvani, Abbas Səhhət, Məhəmməd Hadi kimi şair və yazıçıların, həmçinin şöhrət qazanmış digər görkəmli şəxsiyyətlərin siyahısı toplanıb, tarixən inkişaf etmiş sənətkarlıq sahələri dəmirçilik, ipəkçilik, zərgərlik, dülgərlik, şərabçılıq, qədimliyi ilə fərqlənən xalçaçılıqla bağlı fotolar da verilib. Videonun sonunda isə Şamaxının mətbəxinə aid müxtəlif növ plovların siyahısı verilib.
Videoçarx Xalq artisti Gülağa Məmmədovun ifa etdiyi “Şamaxı” mahnısı ilə müşayiət olunur.
İzləyicilər üçün qeyd edilən videoçarx kitabxananın “YouTube” kanalında yerləşdirilib.