REGİONLAR
Vətənin müdafiəsi hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur
Masallı, 11 yanvar, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına müvafiq olaraq yanvarın 10-da Masallı şəhərindəki Bayraq Meydanında çağırışçı gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı ordu sıralarına yola düşən gənclərə ən xoş arzularını çatdırıblar.
Vurğulanıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün Silahlı Qüvvələrimizin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçilən və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordunun formalaşmasına nail olub.
Çıxışlarda hərbi xidmətə yola düşən gənclərin Vətən qarşısında borclarını layiqincə yerinə yetirəcəklərinə əminlik ifadə olunub. Çıxış edənlər gənclərimizə Vətənimizin keşiyində ayıq-sayıq dayanmağı, onun ərazi bütövlüyünün təmin olunması kimi şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyi, habelə Aprel döyüşlərində düşmən təxribatının qarşısını alarkən rəşadətli ordumuzun qəhrəmancasına şəhid olan əsgər və zabitlərinin, bütövlükdə şəhidlərimizin qisasının alınmasını arzulayıblar.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, çağırışçı babası Qafur Abıyev, çağırışçı gənc Musa Eynullayev və başqaları Vətənin müdafiəsinin hər bir Azərbaycan vətəndaşının müqəddəs borcu olduğunu söyləyiblər.
Tədbirdə rayonun incəsənət ustalarının ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.
Sonda çağırışçı gənclər üçrəngli Azərbaycan bayrağı və müqəddəs “Qurani-Kərim”in altından keçərək hərbi xidmətə yola düşüblər.