ELM VƏ TƏHSİL
“Vikipediya”da Mustafa bəy Vəkilov haqqında məqalə yenidən redaktə olunub
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, daxili işlər naziri Mustafa bəy Vəkilovun vəfatından 53 il keçir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Mustafa bəy Vəkilov haqqında məqalə yenidən redaktə olunaraq və təkmilləşdirilərək oxucuların istifadəsinə verilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalədə Mustafa bəy Vəkilovun həyat və fəaliyyəti barədə ətraflı məlumat əksini tapıb. Qeyd edilib ki, 1920-ci il fevralın 18-də iyirmi üç yaşlı M.Vəkilov Cümhuriyyətin daxili işlər naziri təyin olunub. O, hökumətin ən gənc naziri idi. Azərbaycanın istiqlaliyyətini ilk qoruyanlardan biri olmuş ictimai-siyasi xadim M.Vəkilov ilk növbədə nazirliyə peşəkar hüquqşünas kadrlar cəlb etməyə çalışıb. M.Vəkilov 1965-ci il noyabrın 1-də 69 yaşında Ankarada vəfat edib və orada dəfn olunub.
Məqalə ilə daha ətraflı bu linkdə https://az.wikipedia.org/wiki/Mustafa_b%C9%99y_V%C9%99kilov tanış olmaq mümkündür.
Bu məqalə “Vikipediya” könüllülərinin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Cümhuriyyətin 100 illiyinə dəyərli töhfəsidir.