MƏDƏNİYYƏT
Vilnüs Universitetinin kitabxanasında “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabının litva dilində tərcüməsinin təqdimat mərasimi keçirilmişdir VİDEO
Vilnüs, 22 noyabr (AZƏRTAC). Noyabrın 21-də Litva Respublikasının qədim təhsil ocaqlarından biri olan Vilnüs Universitetinin P.Smuqleviçüs adına kitabxanasında Azərbaycanın Litvadakı səfirliyin təşəbbüsü və dəstəyi ilə hazırlanmış Namiq Əliyevin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabının litva dilində tərcüməsinin təqdimat mərasimi keçirilmişdir. AZƏRTAC-ın müxbirinə Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, kitabın nəşri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə ithaf olunmuşdur.
Tədbirdə Litva Seyminin deputatları, ölkənin ictimai xadimləri, KİV nümayəndələri, universitetin professor-müəllim heyəti, universitetdə təhsil alan tələbələr iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva ictimaiyyətində Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumat qıtlığı olduğunu bildirərək qeyd edilən kitabın litva dilində nəşrini olduqca vacib hadisə kimi qiymətləndirmiş, tədbir iştirakçılarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat vermişdir.
Daha sonra tədbirdə Litva Seyminin deputatı, Azərbaycan-Litva dostluq qrupunun rəhbəri Yuras Pojela, seymin deputatı Mantas Adomenas, Universitetin rektoru Yuras Banis, Mikolas Romeris Universitetinin beynəlxalq hüquq üzrə professoru Laurinas Biyejka, Litva Hökumətinin milliyyətlər və emiqrasiya işi üzrə Baş departamenti yanında milli ictimaiyyət Şurasının əlaqələndiricisi İmantas Melianas və “Litva Azərbaycanlılarının Cəmiyyəti”nin sədri Mahir Həmzəyev çıxış etmişlər. Çıxış edənlər kitabın böyük əhəmiyyət daşıdığını, geniş oxucu auditoriyasının, politoloqların, o cümlədən diplomatların marağına səbəb olacağını vurğulamış, münaqişənin tarixinin, dünya birliyinin mövqeyinin öyrənilməsi baxımından kitabın dəyərli mənbə olduğunu bildirmişlər.
Tədbirdə kitabın müəllifi, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev çıxış etmişdir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs