DÜNYA
Virciniyanın yeni qubernatoru bu ştatın məktəblərində maska taxmağın məcburi olmasını ləğv edən qanun imzalayıb
Vaşinqton, 17 fevral, AZƏRTAC
Virciniya ştatının bu yaxınlarda seçilmiş respublikaçı qubernatoru Qlenn Yanqkin ştat ərazisində yerləşən bütün dövlət məktəblərində maska taxmağın məcburi olması tələbini ləğv edən və valideynlərə öz uşaqlarını məktəbə maskasız göndərmək hüququ verən qanun imzalayıb.
AZƏRTAC xəbər verir ki, fevralın 16-da qüvvəyə minmiş yeni qanuna əsasən, məktəb dairələrinin koronavirusa yoluxanların və bu səbəbdən xəstəxanaya yatırılanların sayı barədə əlçatan məlumatlardan istifadə etməklə koronavirusa qarşı maskalar barədə siyasət yürütməsi qadağan olunur.
Yanqkin yanvarın ortalarında özünün inauqurasiya günündə maska taxmağın dərhal qadağan olunması barədə sərəncam imzalayıb, lakin bir neçə məktəb dairəsi bu sərəncamdan ştat məhkəmələrində mübahisə açıb. Qubernatorun bu addımı onun seçkiqabağı kampaniya dövründə verdiyi vədin (maska taxmaq mandatlarını ləğv etmək və valideynlərin təhsil hüququnu təsdiqləmək vədinin) icrası idi. İndi, yeni qanun qüvvəyə minəndən sonra məktəblər uşaqları maska taxmağa məcbur edə bilməyəcəklər.
Hazırda Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi iki yaşdan yuxarı bütün uşaqların, - vaksinasiyadan keçib-keçməmələrindən asılı olmayaraq, - qapalı məkanlarda maska taxmalarını tövsiyə edir.
AZƏRTAC-ın Vaşinqton bürosu