SİYASƏT


Visente Lossertales: “Bakı Ekspo 2025”in mövzusu Beynəlxalq Sərgilər Bürosunun missiyasına tam uyğundur VİDEO

Paris, 5 oktyabr, AZƏRTAC 

Bakının “Ekspo 2025” Ümumdünya Sərgisi üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu çox önəmlidir. Bunun əhəmiyyətini hər kəs yaxşı başa düşür. İnsan kapitalı, daha yaxşı gələcəyin təmin edilməsinin vacibliyi hər birimizə məlumdur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Parisdə Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə həsr olunan simpoziumda iştirak edən Beynəlxalq Sərgilər Bürosunun baş katibi Visente Lossertales söyləyib.

Baş katib deyib ki, “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, Beynəlxalq Sərgilər Bürosunun missiyasına da tam uyğundur.

“Bu, müasir dövrümüzün əsas mövzusudur. Dünyada məşğulluğun nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini bilirik. İnsan kapitalına sərmayə yatırmaqla biz daha çox nailiyyət əldə edə bilərik. Bununla da hər bir insan üçün yüksək həyat şəraiti təmin olunar”, - deyə Visente Lossertales qeyd edib.

Baş katib bildirib ki, Azərbaycanın “Ekspo-2025” sərgisinə namizəd kimi böyük potensialı var. Azərbaycan beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini artıq sübut edib. Xalqın və hökumətin bu namizədliyə göstərdiyi birgə dəstək də çox önəmlidir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.