SİYASƏT
Vladimir Kreydenko: Yanvar hadisələri Azərbaycanda sovet hakimiyyətinin süqutunun başlanğıcı oldu
Kiyev, 19 yanvar, AZƏRTAC
Bu günlərdə biz Azərbaycan xalqının tarixində 31 il bundan əvvəl Bakıda faciəli hadisələri xatırlayırıq. Həmin gün sovet ordusu kommunist rejimini qorumaq məqsədilə dinc dövrdə sovet şəhərinə hücum etmişdi. Əfsuslar olsun ki, həmin cinayətkar hərəkətlər nəticəsində 140 nəfərdən çox dinc sakin həlak oldu, yüzlərlə insan yaralandı.
Bu barədə AZƏRTAC-a müsahibəsində Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Vladimir Kreydenko bildirib.
Onun sözlərinə görə, bu hadisələr Azərbaycanda sovet hakimiyyətinin süqutunun başlanğıcı oldu. Buna bənzər hadisələr daha əvvəl Alma-Atada (1986), Tbilisidə (1989), sonradan Düşənbədə (1990), Vilnüs və Riqada (1991) baş verdi.
V.Kreydenko deyib: “Ukrayna ilə Azərbaycan Respublikası arasında əlaqələr üzrə parlamentlərarası qrupun həmsədri kimi mən Ukrayna parlamentinin bütün üzvləri adından həmin faciəli hadisələrdə günahsız qurbanların ailələrinə başsağlığı vermək istərdim. Bütün ölkələrin hökumətləri buna bənzər tarixi hadisələrdən dərs götürməlidirlər ki, bir daha heç bir ölkədə dinc sakinlərə qarşı belə dəhşətli cinayətlər baş verməsin”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev