DÜNYA
Volodimir Zelenski ilə Şarl Mişel arasında telefon danışığı olub
Bakı, 24 yanvar, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub. Söhbət zamanı əsas diqqət Ukrayna ətrafında vəziyyətin deeskalasiyası üçün beynəlxalq siyasi və diplomatik səylərin əlaqələndirilməsinə yönəldilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti bəyanat yayıb.
Məlumata görə, həmsöhbətlər, həmçinin Aİ tərəfindən potensial eskalasiyanı ehtiva edə biləcək qabaqlayıcı sanksiyalar paketinin hazırlanmasını müzakirə ediblər.
Ukrayna Prezidenti hazırkı vəziyyətdə daxili iqtisadiyyatın sabit inkişafının təmin edilməsinin vacibliyini vurğulayıb. O, bununla bağlı 1,2 milyard avro məbləğində makromaliyyə yardımının ayrılması ilə bağlı vaxtında verilmiş qərara görə Avropa İttifaqına təşəkkür edib.
Liderlər, həmçinin 2022-ci il üçün Ukrayna və Avropa İttifaqı arasında gələcək dialoqa dair mövqeləri razılaşdırıblar.
Ukrayna Prezidentinin mətbuat xidmətinin bəyanatında bildirilib ki, yaxın vaxtlarda növbəti, 24-cü Ukrayna-Avropa İttifaqı sammitinin tarixi müəyyənləşəcək. Artıq bu ilin ortalarında Avropa Komissiyasının rəhbərliyinin, beynəlxalq tərəfdaşların iştirakı ilə Kiyevdə Avropanın enerji təhlükəsizliyi üçün riskləri birgə müzakirə etmək üçün enerji biznes forumu keçiriləcək.