İQTİSADİYYAT
Vüqar Gülməmmədov: Ötən il təhlilin əhatə dairəsi əvvəlki ilə nəzərən 8,3 faiz bəndi artıb
Bakı, 31may, AZƏRTAC
Hesabat ilində də tərəfimizdən dövlət büdcəsinin gəlir və xərcləri aidiyyəti qurumların məlumatları əsasında üzləşdirilib.
Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən qurumların təqdim etdiyi hesabatlara əsasən 2022-ci ildə 29,3 milyard manat təhlillə əhatə edilib. Bu da dövlət büdcəsinin ümumi gəlirlərinin (30,7 milyard manat) 95,4 faizinə bərabər olub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin mayın 31-də keçirilən iclasında 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Hesablama Palatasının sədri bildirib ki, rəyin tərtibi zamanı xərcləri icra edən 134 qurum üzrə 24,9 milyard manatı əhatə edən və vəsaitlərin icrasını təsdiqləyən sənədlər nəzərdən keçirilib və bu, icra olunmuş dövlət büdcəsi xərclərinin 77,6 faizini təşkil edir.
Vüqar Gülməmmədov qeyd edib ki, ötən il təhlilin əhatə dairəsi əvvəlki ilə nəzərən 6 milyard manat və ya 8,3 faiz bəndi artıb.