İDMAN
Vüqar Həşimov həyatını şahmatdan ayrı təsəvvür etmirdi

Şəmkir, 19 aprel (AZƏRTAC, Samirə Allahverdiyeva). Şəmkirdə Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilmiş şahmat turniri açılır. Turnirin açılışı ərəfəsində “NTV-plyus” telekanalının şahmat şərhçiləri Marina və Sergey Makarıçevlərin azərbaycanlı qrossmeyster haqqında məqaləsi Rusiyada çıxan “Nezavisimaya qazeta”da dərc edilmişdir.
Məqalədə qeyd edilir ki, Vüqar Həşimov həyatını şahmatdan ayrı təsəvvür etmirdi və onun xatirəsi dostlarının qəlbində əbədi qalmışdır.
AZƏRTAC həmin məqaləni oxuculara təqdim edir.
X X X
2008-ci ildə keçirilmiş şahmat Qran-prisinin birinci mərhələsində parlaq qələbə qazanmış gənc azərbaycanlı qrossmeyster Vüqar Həşimov həmin qələbədən sonra bizə dedi: “Mən qalib gəlmək üçün qayıtdım!” Bu sözləri deyərkən onun gözlərində bir sevinc parıltısı gördük. Bəs necə! Maqnus Karlsen, Aleksandr Qrişşuk, Teymur Rəcəbov, Qata Kamski, Sergey Karyakin, Pyotr Svidler, Şəhriyar Məmmədyarov, müasir dövrün digər ən məşhur şahmatçılarının iştirak etdiyi turnirdə qalib gəlmək asandırmı?!
Lakin Vüqarın gözlərindəki bu böyük və səmimi sevinc onun şahmat turnirində parlaq qələbəsindən daha çox sağalmaz xəstəlik üzərində qələbəsi ilə bağlı idi. Axı Vüqar hələ uşaq olarkən həkimlər onun beynində şiş olduğunu müəyyən etmiş, eyni zamanda həmin diaqnozdan heç də az sərt olmayan verdikt çıxarmışdılar: ciddi zehni gərginlik, şahmat oynamaq barədə söhbət belə ola bilməz. Özü də həmişəlik!
Məhz həmin vaxt hələ çox gənc, lakin inanılmaz dərəcədə istedadlı şahmatçı qismətinə meydan oxumağı qərara aldı. Onun qısa, lakin bəlkə də buna görə daha parlaq həyatının devizinə çevrilmiş bu sözləri söylədi: “Mən həyatımı şahmatdan ayrı təsəvvür etmirəm!”
Onun beynində bir-birinin ardınca üç dəfə trepanasiya əməliyyatı aparıldı. Vüqar bu əməliyyatlara mərdliklə dözür, qısa remissiya dövrlərində isə sanki simurq quşu kimi yenidən canlanır, oynamaqda və ... qalib gəlməkdə davam edirdi.
“Bu, əsl vulkandır, baxışları od saçır, sən şahmat taxtasında mövqe qurmağa macal tapmamış o, müxtəlif variantları yağdırmağa başlayır. Fantaziyasının hüdudu yoxdur, çox dərin hesablamalar aparmağı bacarır. Hətta ilk baxışda tamamilə ümidsiz vəziyyətlərdə də mübarizəni davam etdirmək üçün maraqlı və qeyri-standart imkanlar tapır. Bu, nə isə qeyri-adi məsələdir! Mən gənc Volodya Kramnik ilə ilk tanışlığımda olduğu kimi, bu dəfə də əsla şübhə etmirdim ki, qarşımdakı gənc gələcək dünya çempionudur!”. İki dəfə SSRİ çempionu, həqiqətən çempion miqyaslı şahmatçı Vitali Tseşkovski bu sözləri hələ lap balaca Vüqar haqqında yazmışdı. Sonra əlavə etmişdi: “Lakin dəhşətli xəstəlik ucbatından bu uşaq öz həqiqi imkanlarının heç 15 faizindən də istifadə edə bilmir...”
Bəli, daim mehriban, üzügülər və hər şeyə rəğmən şən görünən Vüqar Həşimov şahmat taxtası arxasına keçəndə tamamilə dəyişirdi. O, taxta üzərində yaranmış vəziyyətə sanki ovsunlanmış kimi diqqətlə baxırdı, hər an oyunun gedişinə yeni həyat verməyə, heyrətamiz taktiki gediş tapmağa və ya paradoksal strateji planı həyata keçirməyə hazır idi. Gənc Həşimov şahmata yanaşmasına, kreativliyinə və zəngin fantaziyasına görə Harri Kasparovun cavanlığını xatırladırdı.
Bir məqamda bizə elə gəldi ki, xəstəlik geri çəkilmişdir və tezliklə Vüqarın yeni şahmat uğurlarının şahidi olacağıq. Hətta Almaniyanın ən yaxşı klinikalarının həkimləri onun oynamasına icazə də vermişdilər. Möcüzə baş verməsinə inanmağa hazır olan Vüqar da oynayırdı. Məhz həmin vaxt Vüqar Azərbaycanın ambisiyalı gənclərdən ibarət komandasının heyətində Avropa çempionu oldu, planetin ən güclü qrossmeysterlərinin ilk onluğunda yerini möhkəmlətdi.
2012-ci il dünya şahmat olimpiadası ərəfəsində, bu gənc komanda öz iştirakçılarının reytinqinə, ambisiyalarına və sadəcə adlarına görə dünya forumunun qızıl medalına iddia edə biləcəyi bir vaxtda dəhşətli xəbər gəldi: Vüqar Həşimov yenə xəstələnib. Dostları çox ümid edirdilər ki, ölümcül xəstəliyə qarşı bu qədər əzmkarlıqla mübarizə aparmış və dəfələrlə bu mübarizədə qalib gəlmiş gənc qrossmeyster yenə xəstəliyin öhdəsindən gələcəkdir. Təəssüf ki, tale yazısı başqa cür oldu.
İndi budur, Vüqar dünyasını dəyişəndən üç ay sonra Həşimovun doğma şəhəri Şəmkirdə superturnirə start verilir. Bu turnirdə Vüqarın yaşıdları, dostları bu heyrətamiz və qeyri-adi dərəcədə istedadlı şahmatçının xatirəsi qarşısında borclarını verəcəklər. Şəmkirə gəlmiş görkəmli qrossmeysterlərin orta reytinqi isə ulduzların yeni başlanan yarışının bəlkə də ağlasığmaz səviyyəyə çatmasına imkan vermişdir. Şəmkir turniri mürəkkəblik dərəcəsinə görə 22-ci kateqoriyaya aid edilmişdir. Bu, hətta yaxın vaxtlarda iddiaçıların Xantı-Mansiyskdə keçirilmiş turnirindən də yüksək səviyyə deməkdir.
Şəmkirdə açılışı olmuş superturnirin altı iştirakçısının reytinq göstəriciləri belədir: dünya çempionu Maqnus Karlsen (Norveç) – 2881, Sergey Karyakin (Rusiya) - 2772, Fabiano Karuana (İtaliya) -2783, Hikaru Nakamura (ABŞ) - 2772, Şəhriyar Məmmədyarov (Azərbaycan) - 2760, Teymur Rəcəbov (Azərbaycan) - 2713. Turnirin orta reytinqi 2780-dir.
İştirakçılardan biri – Sergey Karyakin Vüqar haqqında xatirələrini bizimlə bölüşərək demişdir: “Vüqar Həşimov mənim ən yaxşı dostum idi. Yarışlarda biz çalışırdıq ki, vaxtımızın mümkün qədər çox hissəsini birlikdə keçirək. O, gözəl insan, gözəl şahmatçı idi. Onun həyatının lap son anlarına qədər biz ünsiyyət saxlayır, skayp vasitəsilə yazışırdıq. Bir dəfə Vüqar dedi: “İndi sən mənim əvəzimə oynamalı və qalib gəlməlisən!” Bu sözlər mənim özümə inamımı, turnir mübarizəsinin ən mürəkkəb və dramatik anlarında təmkinimi qoruyub saxlamağıma kömək edirdi. Mən dostumu və onun bu sözlərini həmişə xatırlayacağam...”.
Nahaq yerə demirlər ki, insan haqqında ən yaxşı xatirə onun əməlləridir. Vüqar Həşimov da şahmatı həqiqətən sevənlərin qəlbində bizim oyunumuzu çoxsaylı parlaq partiyalarla və fantastik ideyaların bolluğu ilə zənginləşdirən əsl yaradıcı insan kimi qalacaqdır. Əminik ki, üzümüzə gələn bazar günü başlanan, Vüqar Həşimovun xatirəsinə həsr edilmiş turnirin bütün iştirakçıları da bu oyuna layiqli töhfə verəcəklər...