CƏMİYYƏT
Vüqar Kərimov: Daşaltı, Arazboyu yasaqlıqlarında və Bəsitçay təbiət qoruğunda dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır VİDEO
Bakı, 29 yanvar, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın ilkin qiymətləndirməsi işlərinə başlanılıb. Növbəti dövrlərdə bu qiymətləndirilmələrə təmsil olunduğumuz konvensiyalardan və beynəlxalq təşkilatlardan ekspertlərin cəlb olunması nəzərdə tutulub, çünki çıxarılan hər hansı bir nəticənin növbəti instansiyalarda Ermənistan və ermənipərəst qüvvələrin mübahisəsinə səbəb olmaması üçün həmin qiymətləndirilmədə beynəlxalq ekspertlərin də yanaşmalarının nəzərə alınması vacibdir. Hazırda Daşaltı və Arazboyu yasaqlıqlarında, o cümlədən Bəsitçay qoruğunda dəymiş ziyanın qiymətləndirilməsi ilə əlaqədar işlər aparılır. Yekun nəticələr aidiyyəti üzrə müvafiq dövlət qurumlarına təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülən və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.
V.Kərimov, həmçinin deyib: “Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu, 10 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bunlar həm biomüxtəlifliyin, həm də landşaftın qorunmasında böyük əhəmiyyətə malik xüsusi mühafizə olunan təbiət əraziləridir. İşğaldan azad olunmuş torpaqlarımızda 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərir. Onlardan ikisi dövlət təbiət qoruğudur - Bəsitçay və Qaragöl qoruqları, dördü isə yasaqlıqdır - Daşaltı, Laçın, Qubadlı, Arazboyu”.