CƏMİYYƏT
Vüqar Kərimov: Üçüncü “Qırmızı kitab”a daxil ediləcək flora və fauna növlərinin sayının artması istisna deyil
Bakı, 3 may, AZƏRTAC
“Qırmızı kitab”ın birinci nəşri 1989-cu, ikinci nəşri isə 2013-cü ildə işıq üzü görüb. “Qırmızı kitab”ın üçüncü nəşrinin 2023-cü ildə çap olunması nəzərdə tutulub. Birinci “Qırmızı kitab”da 108 fauna və 140 flora növü qeydə alınıb. İkinci kitaba isə 223 fauna və 300 flora növü daxil edilib. Üçüncü “Qırmızı kitab”a daxil ediləcək flora və fauna növlərinin sayının artması istisna deyil.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Onun sözlərinə görə, həm iqlim dəyişmələri, həm antropogen təsirlərin artması növlərin nadirləşməsinə, onların areallarının dağılmasına, bəzi hallarda populyasiyasının yer üzündən silinməsinə səbəb olur: “Azərbaycanda antropogen və iqlim təsirlərin güclü olması bəzi həssas növlərin sayının kritik həddə yaxınlaşmasına səbəb olub. Yeni kitabda rəqəmlər dəyişəcək. Bəzi növlər var ki, tək-tək də olsa, fərdlərin sayı artıq kitabdan çıxarılıb, xüsusi siyahılara salınacaq”.
Nazir müavini vurğulayıb ki, yeni kitab daha müasir, yüksəkkeyfiyyətli və daha əhatəli olacaq: “Qiymətləndirmə beynəlxalq meyarlara uyğun aparılacaq. Növlərin bəzilərinin şəkilləri rəssamlar tərəfindən çəkiləcək. Üçüncü “Qırmızı kitab” yeni çağırışa əsasən işğaldan azad edilmiş əraziləri əhatə etməklə daha təfsilatlı, daha informativ olacaq. İşğaldan azad edilmiş ərazilərin fauna və flora növlərinin monitorinqlərinin aparılması və düzgün qiymətləndirilməklə “Qırmızı kitab”da təmsil olunmasına ciddi diqqət yetiriləcək”.
“Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanda “Qırmızı kitab”a düşəcək növlərin sayı artır”, - deyə V.Kərimov diqqətə çatdırıb.