ELM VƏ TƏHSİL
Vüqar Nəzərov: Koronavirusa qarşı mübarizədə qələbənin əsas meyarı əhalinin vaksinasiyasıdır

Bakı, 17 avqust, AZƏRTAC
Dünyanı bürüyən yeni növ koronavirus (COVID-19) infeksiyası hər gün on minlərlə insanın qurbanı olduğu təhlükəli bir xəstəlikdir. Xəstəliyin yayıldığı ilk günlərdən indiyədək Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında dövlətimiz tərəfindən mühüm addımlar atılır. Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti ilə insanların sağlamlığının təmin olunmasına istiqamətlənib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Turizm və Menecment Universitetinin İqtisadiyyat kafedrasının müdiri, dosent Vüqar Nəzərov söyləyib. O bildirib ki, ölkəmizdə insanların sosial rifahı, koronavirusun yayılmasının qarşısının alınması, yoluxmuş vətəndaşların müalicəsi, yeni tibb ocaqlarının istifadəyə verilməsi, onların lazımi avadanlıq və ləvazimatlarla təmin olunması istiqamətində görülən işlər göz önündədir. Həmçinin dövlət başçısının tibbi maskalar istehsal edən müəssisələrin, yeni xəstəxanaların açılışında iştirakı bu məsələyə həssas münasibətin daha bir göstəricisidir. Koronavirus təhlükəsi ilə mübarizədə Azərbaycan dünyanın aparıcı ölkələri sırasına daxil olub. Belə ki, vaxtında görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkədə koronavirus infeksiyası üzərində nəzarəti qoruyub saxlamaq mümkün olub. Əminliklə demək olar ki, hazırda dövlətin qabaqlayıcı tədbirləri öz müsbət nəticələrini verməkdədir. Azərbaycan pandemiyanın yaratdığı mürəkkəb vəziyyətdə itkiləri minimuma endirə bilir. Bunu şərtləndirən əsas amil kimi dövlətin sərt qabaqlayıcı tədbirlərini, cəmiyyətin həmrəyliyini, vətəndaş və dövlət birliyini, həkimlərin yüksək peşəkarlığını və fədakarlığını, polis əməkdaşlarının nümunəvi xidmətini göstərmək olar. Çünki yalnız bu halda dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliliyini artırmaq və koronavirus təhlükəsini uğurla aradan qaldırmaq mümkündür.
Vurğulanıb ki, Azərbaycanda koronavirusun aşkarlanması üçün hər gün testlər həyata keçirilir. Bu göstəriciyə görə də biz dünyanın qabaqcıl ölkələri sırasındayıq. Təbii ki, xəstəliyin vaxtında aşkarlanması müalicənin effektivliyini artırır. Bu gün ölkəmizdə koronavirus xəstələri müxtəlif tibb müəssisələrində, onlar üçün ayrılmış xüsusi xəstəxanalarda müalicə olunurlar. Paytaxtda və respublikanın müxtəlif bölgələrində müasir avadanlıqla təchiz edilmiş xəstəxanaların istifadəyə verilməsi istiqamətində işlər davam etdirilir. Xatırladaq ki, Prezident İlham Əliyevin “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2020-ci il 7 aprel tarixli Sərəncamı ilə modul tipli xəstəxanalar istifadəyə verilib. Koronavirus xəstələri üçün çarpayı yerlərinin sayı artırılıb. Xəstəxanalar süni tənəffüs aparatları ilə təchiz olunub. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında Azərbaycan koronavirus təhlükəsi ilə mübarizədə dünyanın aparıcı ölkələri sırasında qeyd edilib. Koronavirusa qarşı mübarizənin səmərəliliyi, xəstəliyin aşkar edilməsi üçün aparılan test sayına, xəstələrin uğurlu müalicəsinə, o cümlədən müasir, yeni tibb müəssisələrinin fəaliyyətinin göstəricilərinə görə Azərbaycan MDB ölkələri arasında liderdir və hətta Avropanın bir sıra inkişaf etmiş ölkələrini qabaqlayır.
Azərbaycan hökumətinin COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. İnfeksiyanın aşkarlandığı ilk gündən Azərbaycanın dövlət qurumları vaxtında əlaqələndirilib və səmərəli addımlar atılıb. Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” və daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilib. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başlayıb, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Həmçinin bu sahədə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən, Azərbaycanda COVID-19-a qarşı hazırlıq və mübarizə tədbirləri çərçivəsində xəstəxanalarda əsas bacarıqları sürətlə artırmaq məqsədilə həyata keçirilən REACT-C19 layihəsini xüsusi qeyd etmək lazımdır. 2020-ci ilin aprelindən etibarən Türkiyədə fəaliyyət göstərən 19 azərbaycanlı həkim koronavirus infeksiyası ilə mübarizə aparmaq üçün Vətənə qayıdıb. Bu həkimlər koronavirusa qarşı mübarizə üçün xəstəxanaların hazırlıq səviyyəsini müəyyənləşdirməyə kömək edib, nöqsanlar barədə tibb müəssisələrinin rəhbərliyinə məlumat verib və fəaliyyət planı tərtib ediblər. Bundan sonra həkimlər xəstəxana işçiləri üçün hazırlıq kursları keçiblər.
“Qeyd etmək lazımdır ki, koronavirusa qarşı mübarizədə qələbənin əsas meyarı – dünyada əhalinin vaksinasiyasıdır. Bu istiqamətdə Azərbaycan dünyanın aparıcı ölkələri sırasındadır. Son göstəricilərə görə ölkəmizdə COVID-19 əleyhinə aparılan vaksinasiya nəticəsində 5 milyon 543 min 311 adam peyvənd olunub, bu isə respublika əhalisinin 50 faizdən çoxu deməkdir. Mövcud vəziyyətlə bağlı vaksinasiya ən düzgün seçimdir. İnsanlar sosial məsafəni saxlamaq, gündəlik gigiyenik qaydalara riayət etməklə bərabər koronavirusa qarşı peyvənd də olunsalar kütləvi immun sistemi qazanaraq tezliklə COVID-19-a qalib gəlmək mümkündür. Biz ancaq kütləvi şəkildə peyvənd olunaraq özümüzü və cəmiyyətimizi bu virusdan qoruya bilərik.
Dövlətin gücü, o cümlədən mürəkkəb vəziyyətlərdə görülən tədbirlər, cari proseslərə nəzarət etmək və problemləri aradan qaldırmaq imkanları ilə ölçülür. Azərbaycan dövləti də Prezident İlham Əliyevin rəhbərliyi ilə öz qüdrətini tam şəkildə nümayiş etdirir. Ölkə koronavirus təhlükəsi ilə qətiyyətli mübarizə aparır və bu mübarizəyə dövlət başçısı, demək olar ki, səfərbərlik elan edib. Prezident İlham Əliyev vətəndaşları qayda və tələblərə riayət edərək məsuliyyətli olmağa çağırıb. Azərbaycan Prezidentinin çağırışına əməl etmək hər bir vətəndaşın dövlət və xalq qarşısında borcudur”, -deyə Vüqar Nəzərov fikrini yekunlaşdırıb.