MƏDƏNİYYƏT


Vyana şəhərində keçirilən festivalda “Min bir gecə“ baleti nümayiş olunub

Vyana, 6 avqust, AZƏRTAC

Avropada klassik musiqinin beşiyi sayılan Vyana şəhərində ilin bütün mövsümlərində müxtəlif səpkili mədəniyyət tədbirləri, festivallar, konsert və tamaşalar təşkil olunur. Onların sırasında Vyana Şəhər Bələdiyyəsi önündə açıq havada təşkil olunan Vyana Film Festivalının özünəməxsus yeri var. Bələdiyyə meydanında quraşdırılmış böyük ekranda dünyanın müxtəlif ölkələrində istehsal olunmuş opera və balet tamaşalarından tutmuş klassik, caz və digər janrlarda ifa olunan konsertlər nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, builki festivalda ilk dəfə olaraq təşkilatçılar Azərbaycan klassik musiqisinə müraciət ediblər. Festival çərçivəsində avqustun 5-də görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə“ baleti nümayiş olunub. Tamaşa həm melodiya rəngarəngliyi, həm də səhnə tərtibatına görə tamaşaçılarda böyük maraq oyadıb.

Qeyd edilməlidir ki, festivalda təqdim olunan “Min bir gecə” baleti ötən il Bakıda Heydər Əliyev Sarayında Rusiyanın məşhur “Kreml baleti” teatrının quruluşunda təqdim olunub.

İyulun 4-dən sentyabrın 6-dək davam edən Vyana Film Festivalının xüsusiyyətlərindən biri də Bələdiyyə meydanında qurulan kulinariya köşkləridir. Milli və beynəlxalq mətbəxin təqdim olunduğu həmin köşklər sayəsində festivala gələnlər həm musiqidən, həm də ləzzətli təamlardan zövq ala bilirlər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.