MƏDƏNİYYƏT
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının altıncı ildönümü münasibətilə konsert keçirilib VİDEO
Vyana, 15 may, AZƏRTAC
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində bu mərkəzin təsis edilməsinin altıncı ildönümü münasibətilə konsert keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova 2013-cü ildə təsis edilmiş bu qurumun fəaliyyət yoluna nəzər salıb, onun Azərbaycan mədəniyyətinin Avstriyada təqdimatında və iki ölkə arasında mədəni əlaqələrin inkişafında oynadığı roldan bəhs edib.
Diqqətə çatdırılıb ki, bədii hissəsi tərtib olunarkən altı il öncə mərkəzin açılışında iştirak etmiş musiqiçiləri dəvət etmək fikri ortaya çıxıb. Bu fikri dəstəkləyən Azərbaycanın Xalq artisti Ənvər Sadıqov və Əməkdar artisti Şəhriyar İmanov öz musiqiçi həmkarları ilə milli üslubda konsert proqramı hazırlayıblar.
Qeyd olunub ki, Azərbaycan Mədəniyyət Mərkəzi yarandığı gündən musiqi və incəsənət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi diqqət ayırır. Vyana yaxınlığında yerləşən tarixi Baden şəhərinin rəhbərliyinin dəvəti ilə Azərbaycan musiqiçiləri İncəsənət Evində konsert proqramı ilə çıxış edəcəklər. Belə ki, Əməkdar artist, “Qızıl çinar” beynəlxalq mükafatı laureatı Fuad İbrahimovun dirijorluğu ilə Vyana Kamera Orkestri mayın 26-da Baden şəhərinin ən böyük parkında açıq səma altında klassik konsert proqramı təqdim edəcək. Məhz bu kimi məhsuldar əməkdaşlıq və uğurlu proqram tərtibatı Azərbaycan Mədəniyyət Mərkəzini sənətsevərlərin sevimli məkanına çevirir, geniş ictimaiyyətdə Azərbaycan mədəniyyəti və incəsənəti barədə dolğun təsəvvür yaradır.
Tədbirin bədii hissəsi “Ənvər Sadıqov, Şəhriyar İmanov və dostları” adlı konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də Avropa bəstəkarlarının əsərlərindən ibarət improvizasiyalar, Ənvər Sadıqov və Şəhriyar İmanovun müəllifi olduğu kompozisiyalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana