DÜNYA


Vyanada BMT-nin təsis edilməsinin 75 illiyi qeyd olunub

Vyana, 26 iyun, AZƏRTAC

İyunun 26-da Vyanada Birləşmiş Millətlər Təşkilatının (BMT) təsis edilməsinin 75 illiyinə həsr edilmiş videokonfrans formatında tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, virtual tədbir BMT-nin Vyana Bürosunun rəhbəri Qada Valinin dəvəti ilə Vyana Beynəlxalq Mərkəzində reallaşıb.

Tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş, Vyana Bürosunun Baş direktoru Qada Vali, üzv ölkələrin dövlət və hökumət nümayəndələri, beynəlxalq qurumların rəhbərləri çıxış ediblər. Çıxış edənlər yarandığı ilk gündən BMT-nin xartiyasında əksini tapan prinsiplərin bu gün də öz aktuallığını qoruyub saxladığını, təşkilatın dünyada sülh, insan haqları və ədalət uğrunda mübarizəsindən bəhs ediblər.

Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen çıxışında hazırda dünyanın COVID-19 pandemiyası, iqlim böhranının həlli, sülh və əmin-amanlığın bərpa olunması, yoxsulluğun aradan qaldırılması kimi çağırışlarla üz-üzə qaldığını bildirib. Vyana şəhərinin BMT-nin mənzil-qərargahının yerləşdiyi şəhərlərdən biri olduğunu fəxrlə qeyd edən dövlət başçısı, ölkəsinin beynəlxalq təşkilatın güclənməsi üçün daim səylə çalışdığını vurğulayıb. 75 il bundan əvvəl imzalanan xartiya ilə beynəlxalq əməkdaşlığın yeni mərhələsinin əsası qoyulub və bu günlərdə beynəlxalq ictimaiyyətin sıx əməkdaşlığa ehtiyacı daha çoxdur.

Qeyd edək ki, 75 il bundan öncə - 26 iyun 1945-ci ildə ABŞ-ın San-Fransisko şəhərində 50 dövlətin nümayəndələrinin iştirakı ilə BMT-nin xartiyası imzalanıb.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.