DÜNYA
Vyetnam peyvənd olunmayan turistlər üçün sərhədlərini açıb
Bakı, 17 mart, AZƏRTAC
Vyetnam vaksinasiya statusunu nəzərə almadan beynəlxalq səyahətçilər üçün öz sərhədlərini açıb və ikiillik məhdudiyyətlərdən sonra 13 dövlət üçün ölkəyə 14 günlük vizasız giriş rejimini bərpa edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Vyetnam Səhiyyə Nazirliyinin martın 15-də imzalanan əmrində deyilir.
Yeni qaydalara görə, xarici turistin Vyetnama hava yolu ilə daxil olması üçün yalnız gedişə 72 saat qalmış PCR testinin və ya yola düşməzdən 24 saat əvvəl rəsmi laboratoriyada verilmiş ekspres-testin mənfi nəticəsini əks etdirən sənəd tələb olunur. Həmçinin ən az 10 min dollarlıq koronavirus müalicəsini əhatə edən icbari tibbi sığorta tələbi də qüvvədə qalır.
Eyni zamanda, Vyetnama gələn turist öz sağlamlığına diqqət yetirməli və soyuqdəymə əlamətləri aşkar edildikdə ölkəyə daxil olan kimi mobil cihazına yükləməli olduğu PC-COVID mobil proqramı vasitəsilə yerli tibb orqanlarına məlumat verməlidir.
Qeyd edək ki, Vyetnamda koronavirusa gündəlik yoluxmaların sayı hələ də yüksək olaraq qalır. Lakin xəstəxanaya yerləşdirmə hallarının, həmçinin infeksiya səbəbindən ağırlaşmaların sayı azalmağa davam edir. Yetkinlik yaşına çatan əhalinin COVID-19 əleyhinə tam vaksinasiya səviyyəsi hazırda 98 faizdən çoxdur.
Vyetnama 14 günlük vizasız səyahət rejimi pandemiyadan əvvəl olduğu kimi, 13 ölkənin - Almaniya, Fransa, İspaniya, İtaliya, Böyük Britaniya, Rusiya, Yaponiya, Cənubi Koreya, Danimarka, İsveç, Norveç, Finlandiya və Belarus vətəndaşlarına aiddir.