SİYASƏT


Vyetnamda 20 Yanvar şəhidləri yad edilib

Pekin, 20 yanvar, AZƏRTAC

Azərbaycanın Vyetnamdakı səfirliyi 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Vyetnamın dövlət qurumlarının təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının, Azərbaycanın Elmi, Mədəniyyəti və Tarixi üzrə Mərkəzinin rəhbərlərinin, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunlarının iştirak etdikləri tədbirdə Qara Yanvar hadisələrinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Anar İmanov 20 Yanvar faciəsinin Azərbaycanın azadlıq və ərazi bütövlüyünün müdafiəsi naminə həlak olan insanların xatirəsinin anım günü olduğunu və bu günün tarixə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu diqqətə çatdırıb.

Diplomat bu faciəvi hadisələr ərəfəsində, Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, keçmiş Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətindəki radikal ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistandan qovulmasının Azərbaycanda sovet hökumətinə qarşı hərəkatın genişlənməsinə təkan verdiyini bildirib. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Ermənistanın təcavüzkar siyasətinə qarşı vətəndaşlarımızın etirazını və Azərbaycanda milli azadlıq hərəkatını boğmaq üçün keçmiş Sovet İttifaqının qoşun hissələri Bakı şəhərinin dinc əhalisinə qarşı qətliam törədib, nəticədə 147 insan həlak olub, 700-dən çox insan ağır xəsarət alıb. Xüsusi qəddarlıqla törədilən bu cinayətin təfərrüatlarından bəhs edən səfir, həlak olanlar arasında qadın, uşaq və qocaların da olduğunu qeyd edib. Bu təcavüz aktı Azərbaycan xalqının demokratiya, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsini boğmaq məqsədi daşıyırdı. 20 Yanvar gecəsində şəhid olan Azərbaycan övladları misilsiz şücaət göstərərək, xalqımızın milli azadlığı və müstəqilliyi yolunu açıb.

Səfir bu qanlı hadisədən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, hadisəni kəskin şəkildə tənqid edən bəyanatla çıxış etdiyini və bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etdiyini söyləyib. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışından sonra Qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Vurğulanıb ki, 20 Yanvar hadisəsindən 32 il ötsə də, Azərbaycan xalqına qarşı bu qətliamı törədənlər hələ də məsuliyyətə cəlb edilməyiblər.

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsinin bundan sonra da təmin ediləcəyini vurğulayan səfir, Azərbaycan xalqına və dövlətinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməsi üçün bütün lazımi addımların dövlətimiz tərəfindən atılacağını vurğulayıb.

Tədbir iştirakçıları Qara Yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olublar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.